SOCAR-da Dünya İqtisadi Forumunun prezidenti ilə görüş keçirilib (FOTO)

Fevralın 23-də SOCAR-ın birinci vitse-prezidenti, prezident
vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Dünya İqtisadi
Forumunun prezidenti Borge Brendenin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.

SOCAr-dan AzerTimes-a bildirilib ki, görüşdə SOCAR və Dünya İqtisadi
Forumu arasında mövcud əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq
perspektivləri ətrafında fikir mübadiləsi aparılmış, Bakıda
fəaliyyətə başlamış Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzi ilə
təcrübə mübadiləsi və tərəfdaşlıq imkanları müzakirə edilib.

Rövşən Nəcəf qeyd edib ki, SOCAR Dünya İqtisadi Forumunun
uzunmüddətli tərəfdaşıdır, əməkdaşlığın davam etdirilməsində,
Forumun gələcək tədbirlərində iştirak etməkdə maraqlıdır. SOCAR-ın
iki müəssisəsi- “Petkim” və “STAR” neft emalı zavodu Dünya İqtisadi
Forumunun “Global Lighthouse Network” şəbəkəsinin ən çox
rəqəmsallaşmış müəssisələri arasında yer almağa nail olmuşdur.
Rəqəmsallaşma SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyasında
şirkətin prioritet inkişaf istiqamətlərindən biri kimi təsbit
olunmuşdur. Bu baxımdan Azərbaycanda Dördüncü Sənaye İnqilabı
Rəqəmsal Mərkəzinin fəaliyyətə başlaması Forumla SOCAR arasında
əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər açır.


Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Bakıda Dördüncü
Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin açılmasından məmnunluğunu
bildirib, Mərkəzin yaradılmasının iki il əvvəl Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənabları ilə
razılaşdırıldığını vurğulayıb. Bakıdakı Mərkəzdə süni zəka,
rəqəmsal ticarət və s. sahələrdə araşdırmaların aparılacağını
söyləyən Borge Brende bu istiqamətlər üzrə Forumun dəyərli
tərəfdaşlarından olan SOCAR-la yeni əməkdaşlıq imkanlarının
yarandığını ifadə edib. O, eyni zamanda enerji təchizatının dünya
ölkələrinin gündəmində əsas məsələlərdən biri olduğunu
xatırladaraq, bərpa olunan enerjinin inkişafı və digər enerji
layihələri çərçivəsində də əməkdaşlığın genişləndirilməsinə maraq
göstərdiklərini vurğulayıb.

Görüşdə SOCAR-ın neft-qaz sənayesində zəngin təcrübə və
ənənələrə, insan kapitalına malik olması qeyd edilib, mövcud
resurslardan Dördüncü Sənaye İnqilabı Rəqəmsal Mərkəzinin
fəaliyyətində istifadə imkanlarına dair fikir mübadiləsi
aparılıb.

Teqlər: