50 saat davam edən hakaton çərçivəsində 30 komanda Qarabağın
normal regiona transformasiyası istiqamətində “Ağıllı həllər”
hazırlayıb.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı),
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və
Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə
təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçirilən
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı
çərçivəsində “Smart Qarabağ” Hakatonunun qalib komandaları müəyyən
edilib.
Azərbaycandan 20 və Türkiyədən 10 komanda işğaldan azad edilmiş
Qarabağın bərpası istiqamətində təhsil, kənd təsərrüfatı,
nəqliyyat, ev təsərrüfatı, enerji sərfiyyatı, su sərfiyyatı, ətraf
mühit və təhlükəsizlik sahələrində “Ağıllı həllər” hazırlayaraq
münsiflər heyətinə təqdim edib.
Münsiflər heyəti mövzunun aktuallığı, konsepsiya və plan,
həmçinin komandanın səriştəlilik potensialı, təqdimat bacarığı,
istifadə olunan yeni texnologiyalar və təklif edilən texniki
həllər, o cümlədən layihənin iqtisadi səmərəliliyi və reallaşma
potensialını əsas götürərək qalib komandaları müəyyən edib.
Azərbaycanın “Safe Karabakh” komandası – “Safe Karabakh” mobil
tətbiqi I yerin, Türkiyənin “Sytematör” komandası – SİNA dronu
(Əkinçilik sahəsində zərərvericilərə qarşı istifadə olunan və
ərazini dərmanlayan dron) II yerin, Türkiyənin A komandası –
“Dayanıqlı ekoloji ağıllı şəhər modeli” III yerin qalibi olub.
Qeyd edək ki, “Smart Qarabağ” Hakatonu üzrə mükafat fondu 1-ci
yer üzrə 10 min ABŞ dolları, 2-ci yer üzrə 5 min ABŞ dolları və
3-cü yer üzrə isə 3 min ABŞ dolları təşkil edir.
Bununla yanaşı, tapşırığı daha yaxşı həll etməyə çalışan 8
komandaya “Ən yaxşı layihə təqdimatı” nominasiyasında diplom və
suvenir şəklində mükafat təqdim olunub. Bu nominasiyada təhsil
sahəsi üzrə “Red Right Hand”, kənd təsərrüfatı sahəsi üzrə
“Empticus”, nəqliyyat sahəsi üzrə “Landcopter”, ev təsərrüfatı
sahəsi üzrə “Read Teammers”, enerji sərfiyyatı sahəsi üzrə “Buta
Grup”, ətraf mühit sahəsi üzrə “İTU Bees R&D Team və
təhlükəsizlik sahəsi üzrə “Ejder” komandası mükafatlandırılıb.
Diplom nüfuz əlamətini ehtiva edir və pul ekvivalenti yoxdur.