Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

Estoniya Parlamentinin sədri Yuri Ratas Prezident İlham Əliyevə
təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə səmimi
təbriklərimi çatdırıram.

Azərbaycan Respublikasına son səfərimiz zamanı nümayəndə
heyətimizə göstərdiyiniz möhtəşəm və səmimi qonaqpərvərliyə görə
Sizə və komandanıza minnətdarlığımı bildirirəm. Ölkənizə səfər
etmək və Sizin qəbulunuzda olmaq şəxsən mənim və Estoniya nümayəndə
heyəti üçün böyük şərəfdir.

Əminəm ki, bu görüş ölkələrimiz arasında münasibətlərin bundan
sonra da güclənməsinə mühüm töhfə verəcəkdir.

İnanıram ki, təcrübə mübadiləsi və birgə səylərimiz
əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı maraq doğuran
sahələrdə əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul
edin”.

XXX

Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç Prezident İlham
Əliyevə təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:

“Hörmətli Prezident, əziz dost.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi təbrik edirəm.

Sizin səylərinizlə Azərbaycanda bütün sahələrdə uğurların şahidi
olmaqdan məmnunluq duyuram.

Cənab Prezident, Qarabağda davam edən quruculuq işlərini
xüsusilə vurğulamaq istəyirəm.

Qeyd etmək istərdim ki, Azərbaycan ilə Xorvatiya arasında
əlaqələr xalqlarımızın mənafeyi naminə əməkdaşlığa güclü təkan
verir.

Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə və bütün dost
Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.

XXX

GUAM-ın Baş katibi Altay Əfəndiyev Prezident İlham Əliyevə
təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:

“Zati-aliləri.

İcazə verin, Azərbaycanın milli bayramı – Müstəqillik Günü
münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın –
GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizi və Sizin
simanızda Azərbaycan xalqını təbrik edim.

104 il əvvəl mayın 28-də yeni müstəqil dövlətin – Azərbaycan
Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi, bununla da Şərqdə və
bütün müsəlman dünyasında ilk demokratik dövlət quruldu. Gənc
dövlətin təməlində hələ Avropanın bir çox qabaqcıl və inkişaf etmiş
ölkələrində belə tətbiq edilməmiş mütərəqqi ideyalar, prinsiplər və
bəşəri dəyərlərlə bağlı uzun illər mövcud olan milli istiqlaliyyət
arzuları dayanırdı.

İlk respublikanın ömrü uzun sürməsə də, onun ideyaları və
arzuları insanların yaddaşından heç vaxt silinmədi, çoxsaylı təzyiq
və maneələrə baxmayaraq, onilliklərdən sonra yenidən dirçəldi və
reallaşdı.

Müasir Azərbaycan Respublikası milli atributları və müstəqillik
ideyalarını qoruyub saxlamaqla Azərbaycan Xalq Cümhuriyyətinin
varisi elan edilib. Respublika dramatik və faciəvi, eyni zamanda,
şərəfli və qəhrəmanlıqlarla dolu yeni mərhələyə daxil olub. Ölkənin
30 illik yeni tarixində bir çox dəyişikliklər baş verib, milli
dirçəliş, iqtisadi inkişaf, güclü dövlətin qurulması, ən əsası,
tarixi torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası
yolunda qazanılan şanlı Qələbə bunun kulminasiya nöqtəsidir. Bu
müddət ərzində ölkə rəhbərliyi strateji baxışı, müdrikliyi, eləcə
də səbir və fədakarlığı ilə öz xalqına xidmət prinsipini əsas
tutaraq sarsılmaz qətiyyət və böyük işgüzarlıq nümayiş
etdirmişdir.

Bu gün Azərbaycan müasir və davamlı inkişaf edən, dinamik və
şaxələndirilmiş iqtisadiyyata, fəal cəmiyyətə malik olan mühüm
aktor, eləcə də beynəlxalq aləmdə sülh, sabitlik, əməkdaşlıq,
dialoq və anlaşmanı təşviq edən nüfuzlu dövlətdir.

Bir çoxları müstəqillik uğrunda mübarizəni ölkənin yaşamaq
instinktinin güclü təzahürü, çoxsaylı təzyiq və çağırışlara, eləcə
də ən çətin anlarda ancaq özünə güvənərək tab gətirmək qabiliyyəti
hesab edirlər. Bu gün müstəqil Azərbaycanın bu təcrübəsi
mövcudluqla bağlı təhdidlərlə üzləşən və öz hüquqlarını müdafiə
edən dövlətlər üçün ilham mənbəyi və nümunədir.

Bu gün beynəlxalq nizamın kobud şəkildə pozulduğu, beynəlxalq
sülhün, sabitliyin və təhlükəsizliyin ciddi şəkildə təhlükə altına
düşdüyü bir vaxtda bu, xüsusi əhəmiyyət kəsb edir. Belə kritik
vəziyyətlər beynəlxalq sülh və nizamın olmasını, eləcə də ölkələrin
müstəqillik uğrunda hüquqlarını müdafiə edən dünya liderlərindən
birlik, həmrəylik, mətanət, dəyişməz və barışmaz mövqe tələb
edir.

Zati-aliləri, məhz bununla əlaqədar olaraq beynəlxalq hüququn
norma və prinsiplərinin, bəşəri dəyərlərin müdafiəsində nümayiş
etdirdiyiniz güclü mənəvi və prinsipial mövqeyinizə, eləcə də
köməyə ehtiyacı olanlara göstərdiyiniz əhəmiyyətli dəstəyə görə
Sizə minnətdarlığımızı bildirmək istəyirik. Bu, bir çox liderlər
üçün gözəl nümunədir.

Biz, həmçinin təşkilatımız çərçivəsində dost ölkələr və strateji
tərəfdaşlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində və
gücləndirilməsində oynadığı rola görə Azərbaycan Respublikasına
minnətdarlığımızı bildiririk. Qəti şəkildə inanırıq ki,
əməkdaşlığımızı daha səmərəli və məhsuldar etmək üçün regional
təşkilat kimi GUAM-ın potensialından daha çox istifadə etməliyik.
Bununla biz regional və beynəlxalq sülhə, təhlükəsizliyə və
sabitliyə töhfə verə bilərik.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha Sizi və
Sizin simanızda Azərbaycan xalqını milli bayram münasibətilə təbrik
edir, sülh və daha böyük tərəqqi arzulayırıq. Biz, həmçinin Sizə
müstəqil, güclü və inkişaf edən Azərbaycanla bağlı arzularınızın və
strategiyanızın həyata keçirilməsi istiqamətində fəaliyyətinizdə
uğurlar diləyirik. Müstəqillik Gününüz mübarək!”

Teqlər: