Şirvanda brakonyerliyə qarşı reyd: qanunsuz ov qurğuları məhv edilib (FOTO/VİDEO)

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər
ərazisindən keçən kanallarda ekologiyaya ciddi zərər vuran
vasitələrdən istifadə etməklə həyata keçirilən qanunsuz balıq ovuna
qarşı reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a
verilən məlumata görə, keçirilən reyd zamanı su hövzələri boyunca
quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün
istifadə olunan müxtəlif növ ləvazimatlar polis əməkdaşları
tərəfindən sudan çıxarılıb və həmin ərazidə yandırılaraq məhv
edilib. Reyd zamanı torlarda aşkarlanan diri balıqlar isə yenidən
suya buraxılıb.

Həmçinin, şöbə əməkdaşları həvəskar balıqçılarla da izahedici
söhbətlər apararaq, bu cür üsullarla balıq ovlanmasının qanunla
qadağan olunduğunu, belə hallarla qarşılaşdıqda mütləq qaydada Su
Nəqliyyatında Polis İdarəsinin yerli məntəqələrinə və ya ərazi üzrə
polis şöbəsinə məlumat vermələri tapşırılıb.

Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi
olaraq davam etdiriləcək.

Teqlər: