Sirli qarı küp axtarır: qoyunların gözü çıxır, ayaqları kəsilir

Sirli qarı küp axtarır: qoyunların gözü çıxır, ayaqları kəsilir

1988-ci ildə Bursada kəndlərin birində olduqca müəmmalı bir hadisə baş verir. Uzun müddət həmin hadisə ilə bağlı söz-söhbətlər, əfsanələr də səngimək bilmir. Sonralar həmin hadisə sosial şəbəkələrdə də yayılır, haqqında sənədli video-çarxlar hazırlanır.

AzerTimes xəbər verir ki, qardaş Türkiyədə baş verdiyi iddia edilən hadisə bu cür olub:

Günlərin birində kəndə yaşlı, heç kimi olmayan bir qadın köçür. Ona qucaq açılan bu kənddə yaşaması üçün muxtar köhnə, xaraba bir ev də verir. Kənd camaatısa özü o evi təmizləyir, səliqə-sahmana salıb, əsl evə çevirir. Heç kim də bilmir ki, o qadın kimdir, haradan gəlib? Suallara cavab verməyən qarının üstünə kənd camaatı da çox getmir.

Beləcə vaxt keçir. Kənd sakinləri qarıya doğmalıq göstərir, daim ərzaq yardımı da edirlər. Amma qəfil kənddə baş verən hadisə sakinləri heyrətə gətirir, qorxuya salır. Sirli, bir o qədər də dəhşətli hadisə kəndi cənginə alır.
Bir andaca tövlədən qoyunlar itməyə başlayır, sonra da kənddən bir qədər aralıda gözləri çıxarılmış, ayaqları kəsilmiş halda tapılır. Ha fikirləşsələr, polisə müraciət etsələr də, xeyri olmur. Səbəb bilinmir ki, bilinmir.

Əvvəl-əvvəl hər kəsin ağlına ilk olaraq başqa heyvanın hücumu gəlir. Ancaq hansı heyvan qoyunun ancaq ayağını kəsib, gözünü çıxardar? Kəndin üstünü qara buludlar, sakinlərin də içini qorxu bürüyür. Hadisələr isə getdikcə artır, qorxu arealı böyüyür, nə edəcəklərini bilmirlər. Ta ki, sakinlərdən biri gecə əvvəlcə şahidi, sonra da qurbanı olduğu o hadisəni görənədək.

Yuxusu gəlməyən bir gənc özü üçün tütün doldurarkən eşitdiyi səs onu düz axura aparır. Gördüklərini qorxudan səssizcə izləməyə başlayır. Axır ki, sirr tapılır!

Demə, qoyunları o cür öldürən, bu sirli hadisəni törədənlər iki nəfər imiş: Muxtar və qarı…

Qarı əvvəlcə qoyunu götürüb aparır, öz evinə girir, qəfil bıçağı necə saplayırsa, heç heyvan səsini də çıxarda bilmir. Ardınca da muxtarla köməkləşib ayağını kəsir, gözlərini çıxardır. Gənc də gözləri bərələ olanları izləyir.
Qarı qoyunun ayaqlarını çarpazlayıb kəsir, gözlərini bir qaba qoyaraq yandırır və dodağının altında nəsə mızıldanır. Nəhayət, o, bu hadisəyə dözə bilmir, özünü içəri atıb, muxtarın üstünə yüyürür, amma o sirli qarı bir andaca araya girərək kəndlini sakitləşdirir. Muxtar vəziyyəti izah edir ki, o, bu hadisəni heç kimə deməsə, tapdıqları xəzinədən ona da pay verəcəklər. Yoxsul kəndli də bu hadisəyə inanaraq susur, gecəni gözünə yuxu getmir, olanları fikirləşib, xəzinənin xəyalını qurur.

Nəhayət, səhəri gün gecə üçlük xəzinə axtarışına gedir. Demə, kəndin yaxınlığından xəzinə basdırılıbmış, qarı isə öz magik üsullarıyla xəzinənin yerini tapmaqda muxtara yardım edirmiş.

Kənddən bir saatlıq məsafədə qarı dayanır, kisədən qoyun gözlərini və ayaqlarını götürüb ətrafa səpir, qoyun gözlərinin toplandığı yeri qazmalarını tapşırır.

Muxtarla gənc yeri qazırlar və bir müddətdən sonra küpləri tapırlar. Bu zaman nəsə baş verir, qarı dodağının altında mızıldanmağa başlayır, muxtar isə yerə yıxılıb, başını daşa döyəcləyir. Qarı mızıldandıqca muxtar zərbələrin gücünü artır, nəhayət, sonda uzanaraq hərəkətsiz qalır.

Gənc hadisənin şokundan özünə gəlib, qarının üstünə gedincə, qarı ona “Bir addım da atsan, sən də onun kimi olarsan. Səsini kəs, otur” deyir.

Kəndli başını yerə çırpmır, amma onun da başına bəla gəlir. Onlarla ilan qəfildən ayaqlarına dolanır, qışqır-bağırtısı bəhrə vermir və özündən gedir.

Oyananda isə baxır ki, nə xəzinə var, nə də qarı.

Gənc kəndə qayıdır, başına gələnləri danışsa da, heç kim ona inanmır. Polisə izahat da verir, xeyri olmur. Lakin kənd camaatı qarının kənddən qaçdığını deyəndən sonra onu buraxırlar.

O gündən sonra kəndin əvvəlki hüzuru geri qayıdır – əmin-amanlıq, mehribanlıq, başlayır, qarı gələndən sonra heç nədən düşən davalar yoxa çıxır, qorxular azalır.

Buna baxmayaraq, sakinlər kənddə qalmır, yavaş-yavaş köçürlər.

Bu hadisə 1991-ci ildə Türkiyənin Bursa vilayətindəki kəndlərdən birində baş verib. 1992-ci ildə isə kənd tamamilə boşalıb.

Teqlər: