Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə aksiz dərəcələrinin 31 manatdan 35 manata qaldırılması təklif edilir.
AzerTimes-ın məlumatına görə, bu təklifin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev AzerTimes-a bildirib ki, aksiz dərəcənin artırılması tütünlə mübarizə strategiyasına uyğun addımdır.
O qeyd edib ki, tütünlə mübarizə dünyada ən aktual məsələlərdən biridir və Ümumdünya Səhiyyə Təşkilatı da Tütünlə Mübaruzə Konvensiyası qəbul edib və o konvensiyaya Azərbaycan da qoşulub:
“Həmin konvensiyaya əsasən, hər bir ölkə tütünlə mübarizə istiqamətində özünün milli qanunvericiliyini hazırlamalıdır. Milli qanunvericilikdə də tütünlə mübarizənin bir istiqaməti də tütün məhsullarının qiymətinin tənzimlənməsi ilə bağlıdır. Yəni elə qiymətlər olmalıdır ki, insanların tütün məmulatlarına marağı azalsın, xüsusən bu qiymətlər uşaqlar və yeniyetmələr üçün əlçatan olmasın.
Bunun üçün xüsusi qiymət siyasəti var. Azərbaycan tütün məhsullarının, siqaretin ən ucuz satıldığı ölkələrdən biridir. Ona görə də biz dəfələrlə məsələ qaldırmışıq ki, tütün məmulatlarına olan aksiz vergiləri artırılmalıdır, həm də siqaretin tək-tək satışına qadağa qoyumalıdır ki, uşaqlar, yeniyetmələr siqareti tək-tək almasınlar.
Bu mənada aksiz dərəcəsinin artırılması BMT-nin Tütünlə Mübarizə Konvensiyasına uyğundur, həm də bizim “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərindən irəli gələn bir məsələdir. Amma bununla yanaşı biz maarifləndimə və nəzarət işini də gücləndirməliyik ki, qapalı məkanlarda, digər qadağan olunmuş yerlərdə siqaret çəkilməsinin qarşısı alınsın”.