Şimali Avropa ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər

Böyük Britaniyanın Müdafiə Qərargahı rəisi Toni Radakin
Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə etmək üçün Birləşmiş
Ekspedisiya Qüvvələrinə daxil olan doqquz Avropa ölkəsindən
həmkarları ilə görüşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Müdafiə
Nazirliyindən bildiriblər.

“Birgə Ekspedisiya Qüvvələri Uzaq Şimal, Şimali Atlantika və
Baltik dənizində Avropa təhlükəsizliyinin təmin edilməsində öz
effektivliyini nümayiş etdirməyə davam edir. Rəqabət və qarşıdurma
dünyasında bizim kimi həmfikir ölkələrin ümumi dəyərləri və
Avropada təhlükəsizlik və sabitliyin əsasını təşkil edən qayda və
azadlıqları müdafiə etmək üçün bir araya gəlməsi çox vacibdir”,
deyə Böyük Britaniya, Danimarka, Latviya, islandiya, Litva,
Niderland, Norveç, Finlandiya, İsveç və Estoniya Baş Qərargah
rəislərinin birgə bəyanatında bildirilir.


Qeyd edilir ki, Ukrayna sərhədindəki vəziyyət və Rusiyanın
Avro-Atlantik regionunda hərbi fəallığı Böyük Britaniya və
Avropadakı müttəfiqlərin və tərəfdaşların birliyinin vacibliyini
vurğulayır.

“Biz gələcək planlarımız haqqında məhsuldar danışıqlar apardıq
və Şimali Avropanın təhlükəsizliyinə və sabitliyinə sadiqliyimizi
bir daha bəyan etdik”, – deyə bəyanatda bildirilir.