SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal
imzanın tərəfdaşları sırasına “TuranBank” da qoşuldu. SİMA-nın
“TuranBank”ın sisteminə inteqrasiyası nəticəsində banka əmanət
yerləşdirən zaman sənədlərin SİMA ilə imzalanması mümkün oldu. Bu,
müştərilərə banka gəlmədən, zaman itkisinə yol vermədən
“TuranBank”a əmanət qoymağa imkan verir.

SİMA vasitəsilə gələcəkdə bankın digər məhsullarından da
istifadə mümkün olacaq. Hazırda “AzInTelecom” və “TuranBank” bu
istiqamətdə birgə iş aparır.

SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə
də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal
dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV
və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün
sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət
təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlar arasında
maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının
alınması xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, SİMA-nın istənilən
sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma
istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı
qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini
mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes
proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin
rəsmi saytından və “157” Çağrı
Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Teqlər: