Sığorta təyinatı ilə bağlı 30-a yaxın sənəd tələbi ləğv edilib

Son illər sosial qanunvercilik aktlarında bir sıra humanist
mahiyyətli dəyişikliklər edilərək həssas qruplara yönələn sosial
dəstək proqramlarının əhatə dairəsi xeyli genişləndirilib. Bu
prosesin qarşıdakı dövrdə də davam etdirilməsi prioritet
məsələlərdəndir.

Trend-in məlumatına görə, bu barədə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda
bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Prezident İlham Əliyevin siaysətiniin mərkəzində vətəndaş amilinin
dayandığını qeyd edərək, aparılan sosial siyasətin ölkədə sosial
müdafiə və aktiv məşğulluq proqramlarının əhatə dairəsinin
ildən-ilə genişlənməsinə imkan verdiyini vurğulayıb.

İclasda qeyd olunub ki, pensiya və müavinətlərlə bağlı
qanunvericiliklərdə olduğu kimi, işsizlikdən sığorta və ünvanlı
yardımla bağlı normativ hüquqi aktlarda da həssas qrupların bu
sosial dəstək proqramlarına əlçatanlığının artırılması üçün son iki
ildə humanist yanaşmalar əsasında bir sıra dəyişikliklər
aparılıb.

O cümlədən işsizlikdən sığorta ödənişlərinin təyinatı şərtləri
növbəti dəfə yumşaldılıb. Bu ödənişlərin əhatə dairəsinə müddətli
müqavilənin bitməsi ilə bağlı əmək müqaviləsinə xitam verilənlər də
daxil edilib. Həmin ödənişlərin təyinatı üçün 3 il sığorta stajı
tələbi 1 ilə endirilib, sığorta ödənişinin təyinatı üçün 3 ay
gözləmə müddəti, sığorta təyinatı ilə bağlı 30-a yaxın sənədin
təqdim edilməsi tələbi ləğv edilib. Bu ödənişlərin təyinatı
avtomatlaşdırılıb, orta aylıq əmək haqqı barədə məlumatların
elektron qaydada əldə edilməsi imkanı yaradılıb.

Ünvanlı dövlət sosial yardımı üçün müraciətə baxılan zaman
kreditin gəlir kimi nəzərə alınması ləğv edilib. Ailənin adambaşına
düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin
ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti artırılaraq 10
faizdən 15 faizə çatdırılıb. Yardım təyinatından sonra ailə
tərkibində dəyişiklik nəzərə alınmadan artıq yalnız ailənin
gəlirlərdə baş vermiş dəyişiklik nəzərə alınır.

Həmin gəlirlərdə olan dəyişikliklərlə bağlı məlumat verilmə
müddəti isə 5 iş günündən 15 iş gününədək uzadılıb. “Ünvanlı
yardım” altsisteminin yeni, sadələşdirilmiş versiyası istifadəyə
verilməklə, 10 istiqamət üzrə gəlir və statuslar vətəndaşlar
tərəfindən deyil, müvafiq elektron sistemlərdən əldə edilir.

İclasda işsiz və işaxataranlar, digər həssas qruplarla bağlı
icra edilən sosial dəstək proqramlarının genişləndirilməsi üçün
görülən işlər və bu istiqamətdə yeni təkliflər müzakirə edilib.

Teqlər: