Qardaş Türkiyədə bu ilin fevral ayının 6-da baş verən dəhşətli zəlzələdən sonra ərazinin hazırki seysmik vəziyyəti Azərbaycan seysmoloqları tərəfindən öyrəniləcək.
AzerTimes xəbər verir ki, bu məqsədlə aprelin 5-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəzin mütəxəssislərindən ibarət bir qrup əməkdaşı qardaş ölkəyə səfərə gediblər.
Səfər çərçivəsində azərbaycanlı seysmoloqların zəlzələlərin episentrində, Kahramanmaraş və Hatayda kompleks geofiziki-seysmik tədqiqatlar aparması nəzərdə tutulur. Azərbaycanlı mütəxəssislər zəlzələ bölgəsində olan dərinlik qırılmalarındakı vəziyyəti tədqiq edəcəklər.
Bundan başqa, həmin bölgədə tikinti aparılacaq yerlərin seysmik qiymətləndirilməsi də azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçiriləcək.
Aparılan tədqiqatlar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallarının İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamenti arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Qeyd edək ki, RSXM və AFAD-ın Zəlzələ Departamenti arasında seysmik stansiyalardan alınan məlumatların qarşılıqlı mübadiləsi sahəsində də geniş əməkdaşlıq var.
Azərbaycan seysmoloqlarının zəlzələ bölgəsində kompleks geofiziki-seysmik tədqiqatlar aparmasında əsas məqsəd oradakı seysmikliyi öyrənməklə yanaşı, qardaş ölkəyə bu istiqamətdə dəstək verməkdir.