Şanxay Əməkdaşlıq Təşkilatının 20 illiyi münasibətilə Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmon “Xovar” Milli informasiya agentliyinə verdiyi müsahibəsi dərc olunub.
AzerTimes-ın məlumatına görə, 2021-ci ildə Tacikistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlilik edir. Tacikistanın sədrliyi Təşkilatın yaradılmasının 20 illiyinə təsadüf edir və “ŞƏT 20 il: Sabitlik və inkişaf naminə əməkdaşlıq” devizi altında keçir. Bununla əlaqədar olaraq Tacikistanın Prezidenti Emomali Rəhmon “Xovar” Milli informasiya agentliyinin suallarını cavablandırıb.
Müsahibə zamanı Emomali Rəhmon Təşkilatın yaradılması tarixindən bəhs edib . Prezident qeyd edib ki, “Şanxay Beşliyi” dövlət başçılarının Düşənbə görüşü ŞƏT-in yaradılmasının konseptual əsasını qoyub.
“4-5 iyul 2000-ci il tarixlərində “Şanxay Beşliyi” dövlət başçılarının beşinci və son görüşü Düşənbədə keçirildi və görüşün yekun bəyannaməsinin müddəası “Şanxay Beşliyi”nin müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlığını təmin edən regional bir quruma çevrilməsini müəyyən etdi. Daha sonra, 14-15 iyun 2001-ci il tarixlərində Şanxayda – Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan liderlərinin zirvə toplantısında – artıq altı dövlət tərəfindən çoxtərəfli bir quruluşun – Şanxay Əməkdaşlıq Təşkilatının – yaradılması elan edildi”, – Tacikistanın başçısı dedi.
Prezident xatırlatdı ki, ŞƏT-in inkişafına yönəlmiş digər bir mühüm addım 2005-ci ildə keçirilmiş Dövlət Başçıları Şurasının iclası oldu. Həmin iclasda Asiyanın iki böyük ölkəsinə – Hindistan və Pakistana eyni zamanda müşahidəçi statusu verildi, 12 il sonra isə bu ölkələr Təşkilatın tam hüquqlu üzvlərinə çevrildilər.
Zamanla Monqolustan, Belarusiya, Əfqanıstan və İran müşahidəçi, Ermənistan, Azərbaycan, Türkiyə, Kamboca, Nepal və Şri-Lanka isə dialoq tərəfdaşı statusu aldılar. ŞƏT-də müşahidəçi qismində iştirak etmək üçün ondan çox dövlət müraciət edib, ki onların arasında Ukrayna, Səudiyyə Ərəbistanı, Qətər, İsrail və digər ölkələr var.
Eyni zamanda, Emoməli Rəhmon ŞƏT-in imkanları barədə də fikirlər i ilə bölüşdü.
“Bu gün ŞƏT bərabərlik, suverenliyə və ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək prinsiplərindən irəli gələrək yalnız siyasi və diplomatik vasitələrlə sülh və təhlükəsizliyin təmin olunmasına, beynəlxalq və regional münaqişələrin həllinə töhfə verən müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlu və məsuliyyətli bir iştirakçısıdır, Bir sözlə, tarixi standartlara görə nisbətən qısa bir müddətdə Təşkilat regional və qlobal siyasətin əhəmiyyətli bir faktoruna çevrilib”, – Emomali Rəhmon bildirdi.
Ölkə prezidenti, həmçinin Təşkilatın 2021-ci ildəki əsas vəzifələrinin və fəaliyyət istiqamətlərinin nədən ibarət olduğu haqqında da danışdı. Agentliyə verdiyi müsahibəsində Emoməli Rəhmon sənaye istehsalı və energetika sektorlarında, xüsusən bərpa olunan enerji mənbələri, hidroelektrik enerji daxil olmaqla, sahələrində əməkdaşlığın artırılmasına ehtiyacın olduğunu qeyd etdi. Bu çərçivədə, bu ilin iyul və avqust aylarında Düşənbədə ŞƏT-ə üzv olan dövlətlərin sənaye və energetika nazirlərinin ilk görüşlərinin keçirilməsi planlaşdırılır.
Tacikistan Prezidentinin sözlərinə görə, Təşkilatın fəaliyyət prinsiplərinin əsas məzmununu açıqlıq, etimad, bərabərlik, mehriban qonşuluq, qarşılıqlı fayda, qarşılıqlı məsləhətləşmələr, mədəniyyətlərin və sivilizasiyaların müxtəlifliyinə hörmət, birgə quruculuq və inkişaf təşkil edir.