Asiya İnkişaf Bankı tullantıların səmərəliliyi standartlarını tətbiq etməlidir – QHT Forumu (ÖZƏL)

Xəbər - Nərgiz Sadıxova – Trend:

Əgər Asiya İnkişaf Bankı (AİB) ətraf mühitin qorunması ilə bağlı tədbirləri gücləndirmək niyyətindədirsə, atmosferə zərərli maddə tullantılarının səmərəlilik standartını tətbiq etməlidir.

Bunu AzerTimes-a AİB üzrə QHT Forumunun icraçı direktoru Rayan Həsən deyib.

O bildirib ki, hazırda ən ciddi ekoloji problemlər karbon qazı ilə çirklənmə və parnik qazları tullantılarıdır:

“Bundan başqa, AİB kimi inkişaf banklarının iri infrastruktur layihələri ekosistemlərə mənfi təsir göstərib. Əgər AİB inkişaf bankı olaraq ətraf mühitin qorunması lə bağlı tədbirləri gücləndirmək niyyətindədirsə, atmosferə zərərli maddə tullantılarının səmərəlilik standartını tətbiq etməli və güclü sosial və ekoloji siyasət yürütməlidir”.

O, nümunə qismində Avropa İnkişaf Bankının qəbul etdiyi yeni enerji siyasətini göstərib:

“Ötən il Avropa İnkişaf Bankı yeni enerji siyasəti qəbul edib. Bu siyasətə uyğun olaraq istehsal edilən elektrik enerjisinin bir kilovatt-saatı üçün karbon qazı tullantılarının həcmi 250 qram səviyyəsində müəyyənləşdirilib. Bunu həyata keçirsəniz, qaz və kömür sahələrinin maliyyələşdirilməsini tamamilə dayandırırsınız. Mən demirəm ki, AİB də bu cür limit tətbiq etməlidir. Amma başlıca ideya ondan ibarətdir ki, AİB öz layihələrində parnik qazı tullantılarını kəskin azaltsın. Beləliklə, Paris iqlim sazişinin şərtləri pozulmayacaq, planetimizdə isə istiləşmə dayanacaq”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: