Fevralın 17-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə
Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun genişləndirilmiş
iclası keçirilib.
Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, iclasda
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti
general-leytenantı İsmayıl Hüseynov, Komitənin aidiyyəti
strukturlarının əməkdaşları, Biznes Mühiti və Beynəlxalq Reytinqlər
üzrə Komissiyanın Katibliyi, İqtisadiyyat, Maliyyə, Rəqəmsal
İnkişaf və Nəqliyyat, Energetika nazirlikləri, Mərkəzi Bank, Qida
Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı, Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliklərinin və
aidiyyəti təşkilatların “Sərhəddə ticarət” işçi qrupunun Fəaliyyət
Planının icrasına bilavasitə cəlb olunan məsul şəxsləri və özəl
sektorun təmsilçiləri iştirak ediblər.
İşçi qrupun rəhbəri qismində iclasa sədrlik edən Komitə sədrinin
birinci müavini İsmayıl Hüseynov bu ilin “Sərhəddə ticarət” işçi
qrupunun Fəaliyyət Planının bütün aidiyyəti tərəflərin mövqeyi
öyrənilərək formalaşdırıldığını bildirib. Nəzərə çatdırılıb ki,
Fəaliyyət Planı hazırlanarkən əsas diqqət bir daha sərhəddə ticarət
zamanı vaxt və xərclərin minimuma endirilməsi, əlverişli
investisiya mühitinin formalaşdırılması və iqtisadiyyatın
dayanıqlılığının artırılmasına yönəldilib.
Bu istiqamətdə görülən işlərin davamı olaraq, idxal-ixrac və
tranzit əməliyyatlarının sürətli, şəffaf və tam elektron mühitdə
vahid platforma üzərindən həyata keçirilməsi məqsədilə “Azərbaycan
Respublikasında “e-Pəncərə” (e-Window) sisteminin tətbiqi”nin
gerçəkləşdirilməsinin nəzərdə tutulan layihələrdən biri olacağı
qeyd edilib.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın
Katibliyinin rəisi Vüsal Şıxəliyev işçi qrupun 2021-ci ildəki
fəaliyyətindən məmnunluqla bəhs edib. Bildirilib ki, “Doing
Business” hesabatını dayandıran Dünya Bankı bu ildən
qiymətləndirmələrin yeni metodologiya əsasında aparılacağı
layihənin icrasına başlayacaq. Yeni layihə daha geniş məsələləri
əhatə edir və biznes mühitinin müasir çağırışlara (rəqəmsallaşma,
ətraf mühitin qorunması və s.) uyğun olaraq daha təkmil metodlarla
qiymətləndirilməsini nəzərdə tutur.
Sonra iclasın gündəliyində duran məsələlər müzakirə olunub.
“Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin
stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin
aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə
2022-ci il üçün Yol Xəritəsi” sənədinin icra vəziyyəti ilə bağlı
müzakirələr aparılıb.
Daha sonra ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin
stimullaşdırılması və təşviqi ilə bağlı müvafiq qanunvericiliyin
təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli Qərarı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi
fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının
dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Sərhəddə ticarət” işçi qrupu tərəfindən hazırlanan Qərar layihəsi
iştirakçıların diqqətinə çatdırılıb.
Bildirilib ki, yeni layihəyə əsasən, zavod buraxılış tarixi 1
(bir) ili ötməyən və yalnız elektrik mühərriki ilə hərəkətə
gətirilən nəqliyyat vasitələrinə tətbiq olunan idxal gömrük
rüsumlarının sıfıra endirilməsi nəzərdə tutulur.
İclasın nəticəsi olaraq, “Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi
fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının
dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik
edilməsi barədə hazırlanmış Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərar layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi
qərara alınıb.
Sonda iclasın gündəliyindəki məsələlər – “Özəl sektor tərəfindən
ekoloji nəqliyyat vasitələri ilə bağlı xüsusi Yol Xəritəsinin
təqdim edilməsi”, “Ekoloji təmiz nəqliyyat vasitələrindən
istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı
qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata
keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”nin icrasından irəli
gələn tədbirlər müzakirə edilib. Həmçinin, növbəti iclasın tarixi
və görüləcək işlərin müəyyən olunması ilə bağlı məlumat
verilib.