Sərhəddə narkotik qaçaqmalçıları ilə atışma olub, 2 hərbçi xəsarət alıb (FOTO)

Dövlət Sərhəd Хidməti tərəfindən dəniz sərhədlərinin еtibаrlı
mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа
nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə üzrə
zəruri tədbirlər dаvаm еtdirilir.

Fevral ayının 21-də saat 01:05 radələrində DSX Sahil
Mühafizəsinin Cənub regional şöbəsinin “Kələdəhnə” sahil nəzarəti
bölməsinin xidməti ərazisində Şahağacı kəndinin cənubunda sahildən
təqribən 40 metr aralı məsafədə içərisində 2 nəfərin olduğu
“Mitsubishi “Pajero” markalı “10-RS-565” dövlət nömrə nişanlı
avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin
düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda
gizlədilmiş 1 ədəd kisəni götür­məsi sərhəd naryadının diqqətini
cəlb etmişdir.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxslər
ərazidən kisəni götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa
cəhd edərkən saxlanılmışlar.

Onların Astara rayon sakinləri 1978-ci il təvəllüdlü Ağayev
Qurban Fərhad oğlu və Ağayeva Gülşən Vaqif qızı olmaları
müəyyənləşdirilmiş, saxlama zamanı əvvəllər narkotik vasitənin
istifadəsinə görə məhkum olunmuş Q.Ağayev silahlı müqavimət
göstərərək üzərində olan “BLOW-TR-14” markalı travmatik tapancadan
bir necə dəfə atəş açaraq sərhəd naryadının iki üzvünə yüngül
xəsarət yetirmişdir. Ərazidə xidmət aparan naryad tərəfindən havaya
xəbərdarlıq atəşi açıldıqdan sonra dərhal təxirəsalınmaz tədbirlər
həyata keçirilmiş, hərbi qulluqçular şücaət və yüksək peşəkarlıq
göstərərək cinayətkarı saxlamışlar.

Hadisə yerindən götürülmüş kisəyə baxış keçirilərkən içərisindən
ümumilikdə 16 kq 965 qr narkotik vasitəyə (4 kq 085 qr marixuana, 9
kq 920 qr tiryək, 2 kg 090 qr metamfetamin və 870 qr heroin) bənzər
maddələr aşkar olunaraq götürülmüşdür.

Q.Ağayevin dəfələrlə məhkum olunmasını və yaşadığı ərazidə
narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanınmasını
nəzərə alaraq, onun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri
davam etdirilmiş, Astara rayon polis əməkdaşları ilə birlikdə
yaşadığı evə baxış keçirilmiş və qarajında rəflərin arasında
gizlədilmiş 1 kisənin içərisindən 1 kq 100 qr marixuanaya bənzər
narkotik vasitə aşkar edilərək götürülmüşdür.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Teqlər: