Sərhədçilər 34 kiloqramdan çox narkotik vasitə aşkarlayıb (FOTO)

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış
tədbirləri davam etdirilir.

Trend Dövlət
Sərhəd Xidmətinin Məlumat Mərkəzinə istinadla xəbər verir ki, son
günlərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və
“Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində
təxmini çəkisi 34 kiloqram 370 qram narkotik vasitəyə, 3557 ədəd
psixotrop tərkibli həbə bənzər maddələrin və 957 ədəd dərman
preparatının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından
Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Mart ayının 31-də saat 22:25 radələrində Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli
rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının
xidməti sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan
istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və
dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı
tərəfindən müşahidə olunmuşdur.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, qeyd
olunan ərazi qapadılmış və nəzarətə götürülmüşdür. Keçirilmiş
sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə
aşkarlanmış 1 ədəd bağlamaya baxış zamanı ümumi çəkisi 10 kiloqram
500 qram narkotik vasitəyə (5 kq 200 qram “marixuana”, 4 kq 200
qram “tiryək”, 1 kq 100 qram “heroin”) bənzər maddələr və 2000 ədəd
psixotrop tərkibli Metadon M40 dərman preparatı aşkarlanaraq
götürülmüşdür.

Aprel ayının 2-də saat 23:17 radələrində Sərhəd Qoşunlarının
“Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu Yuxarı Ağalı kəndi
yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1
naməlum şəxsin əraziyə yaxınlaşması sərhəd naryadının diqqətini
cəlb etmişdir.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən
bağ¬lama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxs
saxlanılmışdır. Saxlanılan şəxsin 1997-ci il təvəllüdlü Ağsu rayonu
Qaraqaşlı kənd sakini Quliyev Nicat Vahid oğlu olması
müəyyənləşdirilmişdir. Onun üzərindəki bağlamaya baxış keçirilən
zaman ümumi çəkisi 20 kiloqram 325 qram narkotik vasitəyə (14 kq
460 qram “marixuana”, 450 qram “metamfetamin”, 510 qram “heroin”, 4
kq 905 qram “tiryək”) bənzər maddələr, 957 ədəd və 10 qram ovulmuş
şəkildə dərman preparatı aşkar olunaraq götürülmüşdür.

Aprel ayının 3-də saat 12:22 radələrində Sərhəd Qoşunlarının
“Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi
yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində naməlum
şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası
istiqamətində dövlət sərhədinin pozulması cəhdinin qarşısı sərhəd
naryadı tərəfindən alınmış, sərhəd pozucusu əlindəki qaçaqmalı yerə
ataraq ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından
istifadə edərək geriyə qaçmışdır. Keçirilmiş sərhəd axtarışı
tədbirləri nəticəsində Araz çayı boyu ərazidə aşkarlanmış 1 ədəd
bağlamaya baxış zamanı çəkisi 3 kq 545 qram narkotik vasitəyə
(“marixuana”) bənzər maddə, 200 ədəd psixotrop tərkibli Metadon M40
dərman preparatı və 400 ədəd üzərində B2 nişanəsi olan psixotrop
tərkibli həb aşkarlanaraq götürülmüşdür.

Faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam
etdirilir.

Teqlər: