Sərhəd necə çəkilməlidir? – Nikol fikrini dəyişdi…

Sərhəd necə çəkilməlidir? – Nikol fikrini dəyişdi…

Bakının son bəyanatlarını sülh prosesinə ciddi zərbə hesab edirəm.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun Yeni Bəyaziddə (Qavar) keçirilən iclasında Azərbaycan Prezidentinin 10 yanvar 2024-cü ildə yerli mediaya açıqlamasında delimitasiya və demarkasiya ilə bağlı fundamental çıxışına cavabında deyib.

“Birinci səbəb odur ki, biz bir neçə dəfə açıq və qəti şəkildə razılaşmışıq ki, Ermənistan və Azərbaycan arasında sülh, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci ilin dekabrında Almatı Bəyannaməsinə əsaslanmalıdır. Bu, sadə bir şeydir: Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü belə başa düşürlər ki, Ermənistan ərazisi Ermənistan SSR-in ərazisi ilə eynidir, Azərbaycan ərazisi isə Azərbaycan SSR-in ərazisi ilə eynidir. Almatı Bəyannaməsində məhz belə deyilir: Sovet İttifaqı dağıldı, dövlətlər öz ərazilərində müstəqillik əldə etdilər, sovet dövlətləri arasında inzibati sərhədlər dövlət sərhədinə çevrildi”, – o bildirib.

Paşinyanın sözlərinə görə, bu o deməkdir ki, sərhədin demarkasiyası prosesi sərhəd yaratmaqdan deyil, 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq mövcud olan sərhədlərin bərpasından gedir:

“Ermənistan və Azərbaycan arasında bu razılaşmalar 2022-ci il oktyabrın 6-da Praqada keçirilən görüşdə və yekun dördtərəfli bəyanatda, həmçinin Soçi görüşündə və 2023-cü il iyulun 15-də Brüsseldə keçirilən üçtərəfli görüşdə qeyd olunub.

Niyə mən Azərbaycanın son günlər verdiyi açıqlamaları zərbə hesab edirəm? Çünki onların ən yüksək səviyyədə dedikləri bu məntiqə və bu razılaşmaya birbaşa ziddir. Baxmayaraq ki, hazırda Azərbaycanda seçki dövrü var, bu, aydınlaşdırılmalı olan çox mühüm nüansdır, hesab edirəm ki, bu bəyanatların praktiki siyasi mənası aydınlaşdırılmalıdır”.

Qeyd edək ki, Nikol Paşinyan bu vaxta qədər 1975-ci il (1974-78-ci illər) xəritələrindən istifadə ilə delimitasiya və demarkasiya prosesinin aparılmasını təklif edirdi. Lakin Prezident Əliyev İrəvanın niyə bu təklifdə israr etdiyini detallarına qədər aydınlaşdırdıqdan sonra Nikol Paşinyan “Almatı prinsipini” rəhbər tutmağa başlayıb.

Teqlər: