Sergey İrəvanla bacarmadı: indi növbə Sergeyindir?

Sergey İrəvanla bacarmadı: indi növbə Sergeyindir?

Ermənistanın Fransadan hava hücumundan müdafiə ilə bağlı sistemlər almasına yalnız silah sazişi kimi baxmaq mümkün deyil. Bu, rəsmi olaraq Ermənistanın KTMT-yə, başqa sözlə, Rusiyaya meydan oxumasıdır.

Yalnız son 2 aydakı proseslərə baxaq:

– Ermənistan öz ərazisində KTMT-nin təlimlərinin keçirilməsinə imkan vermədi, əvəzində 11-20 sentyabrda ABŞ hərbçiləri ilə təlim keçirdi;

– Ermənistan Qırğızıstanda 9-13 oktyabrda keçirilən KTMT-nin “Toxunulmaz qardaşlıq” təlimlərinə də qatılmadı; əvəzində təlimlərin başladığı vaxt – məhz 9 oktyabrda Fransa mülki təhlükəsizlik qüvvələrinin 56 hərbçisi, 2 “Dash” təyyarəsi, 1 mobil idarəetmə stansiyası, 2 ton avadanlıq və 2 xilasedici it İrəvana gəldi. Rəsmi məlumatda qeyd olunur ki, Fransa hərbçiləri Ermənistan və Avropa İttifaqının xilasediciləri ilə birlikdə “HOPE 2023” təlimində iştirak edəcəklər. Kipr və Monteneqronun axtarış-xilasetmə qrupları da Ermənstana gəldi;

– Nikol Paşinyan Avropa Siyasi Birliyinin sammiti üçün 5 oktyabrda Qranadaya getdi, Makronla, Şoltsla görüşdü; əvəzində 12 oktyabrda MDB sammiti üçün Bişkekə getmədi və Putinlə görüşmədi;

– Ermənistan KTMT-də heç bir nümayəndə təyin etməyib və artıq 3 ildən çoxdur ki, “yeri boşdur”;

– Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu da ratifikasiya etdi – bu, Putinin ölkəyə gələcəyi halda həbsi üçün zəmin deməkdir;

– Erməni mediası 20 noyabrda keçiriləcək KTMT dövlət başçılarının görüşünə də Paşinyanın qatılmayacağını açıqlayıb və s.

Ermənistan hava məkanı KTMT-nin çətiri altındadır: bu ölkədə Rusiyanın 5 minlik hərbi hissəsi, o cümlədən hava qüvvələri yerləşib. Ermənistanın sərhədlərinin əhəmiyyətli hissəsini hələ də rus sərhədçilər qoruyur. Ancaq Ermənistanla Azərbaycan sərhədinə AB “mülki missiyası” yerləşdirilib.

Ermənistanın KTMT üzvü olduğu halda NATO-nun aparıcı üzvlərindən olan Fransadan hava müdafiə sistemlərini alması qətiyyən adi hal deyil –müqayisə üçün Türkiyənin Rusiyadan S-400-lər almasını misal göstərmək olar. Bunun nəticəsində Türkiyə ABŞ-ın sanksiyaları ilə üzləşdi, F-35 istehsalından uzaqlaşdırıldı. Halbuki Türkiyə “Patriot” almaq üçün illərlə müraciət etmişdi, verilmədiyi üçün məcburi addım atdığını bildirmişdi. Eyni zamanda, Türkiyə sıradan üzv deyil, ən həssas və “açar” regionda olmaqla NATO-nun ikinci ən güclü ordusuna malik qüdrətli ölkədir.

Ermənistanın hava məkanını qorumaq üçünsə Rusiyanın HHM sistemləri bu ölkəyə yerləşib, Rusiya hətta ən strateji silahını – “İsgəndər”i, o cümlədən Su-30 qırıcısını da Ermənistana verib. Həm də bunların böyük əksəri pulsuz bağışlanıb. Bu halda Ermənistanın KTMT üzvü olduğu halda NATO-dan hava müdafiə sistemləri tədarük etməsi artıq son nöqtədir.

Rusiya Prezidenti Vladimir Putinin sevdiyi bir söz vardı: “Sergeylə (Lavrov) danışmayanlar Sergeylə (Şoyqu) görüşməyə məcburdur”.

Görəsən, indi Sergey Lavrovla danışmaq istəməyən İrəvan Sergey Şoyqu ilə “danışmağa” məcbur olacaqmı?

Teqlər: