Sərdari: O zaman İrəvandan imtina doğru seçim idi!

Sərdari: O zaman İrəvandan imtina doğru seçim idi!

AzerTimes xəbər verir ki, İrəvan xanının Almaniyada yaşayan nəticəsi Əmir Əli Sərdari İrəvaninin Publika.az-a müsahibəsini təqdim edir:

– Əmir Əli bəy, bu sualı bütün xan sələfi olan həmsöhbətlərimə veririk. Əminik ki, əcdadlarınızın kimliyini bilərək böyümüsünüz. Bu, necə bir duyğudur?

– Yeniyetmə idim. Bibimin Tehranın tarixi ərazisində yerləşən evinə gedib-gələrdik. Tikili Ab-Sərdar qəsəbəsində idi. Kifayət qədər qədim memarlığa malik Qacar sarayı tərzində tikilmişdi. İki geniş qapısı, həyətində fəvvarələri vardı. Hündür ağaclarla əhatələnmişdi. Antik əşyalarla bəzədilmiş mətbəx və sayını itirdiyim taxta qapılı otaqlar… Atam və yeganə bacısı olan həmin bibimin söhbətlərini dinləyirdim. Tam dərk etməsəm də, əcdadlarımızın çox yüksək zümrəyə mənsub olduqlarını eşidirdim. Qacarların və hətta onlardan üstün şəcərənin üzvü olduğumuzu deyirdilər. Təəssüf ki, Pəhləvilərin hakimiyyəti dövründə Qacarların nüfuzu ciddi şəkildə təhrif olundu. Ona görə ata-babalarımızdan açıq şəkildə danışmaq imkanımız yox idi.

– Ab-Sərdar toponiminin sizin şəcərə ilə bağlılığı varmı?

– Bu bölgə mənim ulu babam Sərdar İrəvaninin adını daşıyır. 80 hektarlıq bağ ərazisi və kəhrizdən ibarətdir. Məkan hazırda Tehranın mərkəzində böyük ərazini əhatə edir. Elə Parlament binası da orada yerləşir. Yəni, bu məlumatları bilərək böyümüşəm. Vaxt keçdikcə ailəmin tarixi ilə bağlı mənbələri araşdırmağa başladım. Uzaq qohumlarımı tapdım, şəcərəmizi araşdıran tarixçilərlə əlaqələr qurdum. Tədqiqatlarım hələ də davam edir. Bilirsiniz, bu, çox gözəl duyğudur. Mən öz ata-babalarımla qürur duyuram. Onlar soy-köklərini bütün çətinliklərə rəğmən qoruyub bizə ötürüblər. Bizim də borcumuz bu ənənəyə sadiq qalmaqdır.

– İrəvan xanlarının Qacar soyundan olan digər varisləri ilə də müsahibələrimiz olub. Onlar çağdaş İran dövləti barədə fikirlərini söyləyiblər. Bəs sizin münasibətiniz necədir? Yadınızdadırsa, İrəvan məscidinin tarixini saxtalaşdırmaq cəhdləri olub…

– İrəvan Göy məscidi təxminən 1765-ci ildə ulu babam Hüseynəli xanın fərmanı ilə tikilib. Həmin müddətdə İrəvan xanlığı müstəqil dövlət idi. 1805-ci ildə Qacarlar Tehrandan gəlib İrəvanı ələ keçirdilər. 1805-1827-ci illərdə isə İrəvanın hökmdarları Tehrandakı Qacarlar məhkəməsi tərəfindən təyin edilirdi. İndi çaşqınlıq və eyni zamanda bir qaranlıq məqam yaranır ki, kim hansı dövlətin, hansı millətin nümayəndəsi olub?! Məsələ burasındadır ki, həm İrəvan xanlığının, həm də İranın Qacar ​​hökmdarları Azərbaycan türkü olublar. Unutmayaq ki, onlar tarix boyu bütün millətlərin hüquqlarını yüksək qiymətləndirib, hətta adət-ənənələrinin, fars ədəbiyyatının zənginləşməsinə öz töhfələrini veriblər.

– Əmir Əli bəy, bizim üçün Almaniyadakı güzaranınız da maraqlıdır.

– 20 ildir Almaniyada yaşayıram. Elektromobillərin tədqiqatı və inkişafı üzrə mühəndisəm. Bu mənada avtomobil sənayesində mürəkkəb texnoloji dəyişiklikləri mənimsəyib, işimdə tətbiq edirəm. Əvvəldə də qeyd etdiyim kimi ixtisasımla yanaşı həm də İrəvan tarixini araşdırıram. Sevinirəm ki, bu gün dünyanın nüfuzlu tədqiqatçıları ilə münasibətim var.

– Yəqin ki, Avropada yaşamağınız həm də ona görə əhəmiyyətlidir ki, İrəvanda və Zəngəzurda Azərbaycanın mədəni irsini qorumaq və səsimizi dünya insanına çatdırmaq üçün daha geniş imkanlara sahibsiniz.

– Əlbəttə. İrəvanda mədəni irsimizin qorunub saxlanması və ya dirçəldilməsi üçün öz üzərimdə böyük məsuliyyət hiss edirik. Bu yolda az da olsa töhfəmi vermək üçün əlimdən gələni edirəm. Tariximizin qərəzsiz təbliğatı çox vacib faktdır.

– Sosial hesabınızı da izləyirik. Bir dəfə 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası tərəfindən İrəvanın ermənilərə verilməsini qətiyyətlə pislədiyinizi yazmışdınız. Maraqlıdır, İrəvan xanlarının varisi kimi bu prosesi konkret olaraq necə araşdırdınız? Sizcə, Milli Şuranın növbəti addım atmaq imkanı vardımı?

– Bəli, düşünürəm ki, onların başqa variantları da ola bilərdi, amma o vaxtlar İrəvandan imtina Bakının təhlükəsizliyini təmin etmək üçün ən doğru seçim kimi görünürdü.

– Sizə “İrəvan” sözünün özü ilə bağlı sualımız da var. Bilirsiniz ki, ermənilərin fərqli iddiaları var. Bizim tarixçilərin bəziləri Rəvanqulu xanın adı ilə bağlayırlar. Sizin əcdadlarınız bu barədə nələrsə yazıbmı?

– Təəssüf ki, bununla bağlı heç bir mənbə tapmamışam.

– Əmir Əli bəy, bizi mənəvi irslə yanaşı ailəniz, İrəvan xanlığının tarixini özündə qoruyan dəyərli mirasınız da maraqlandırır.

– Yəqin bilirsiniz ki, hazırda Azərbaycan, Gürcüstan və Rusiya muzeylərində İrəvan xanlığının üç orijinal bayrağı saxlanılır. Təəssüflər olsun ki, İrəvan xanlığına aid bir çox eksponatlar məhv edilir və ya hərraclarda satılır. Bu qiymətli atributlar hazırda muzeylərdə və ya şəxsi kolleksiyalarda saxlanılır. Onları yavaş-yavaş əldə etməyə çalışıram.

– Qarabağda, Şuşada oldunuz. Əminik ki, duyğularınız rəngbərəng və qarışıqdır.

– Orada baş verənləri canlı görmək fürsəti əldə etdim. Bu, mənimçün əla fürsət idi. Ümumiyyətlə, düşünürəm ki, sadəcə söz və şəkillərlə real təəssürat yaratmaq o qədər də asan deyil. İşğalçıların xarabalığa çevirdiyi, vəhşicəsinə dağıtdığı mədəni irsimizin dəhşətli təsvirlərinə şahidlik etdim. Eyni zamanda Azərbaycan hökumətinin yenidənqurma, bərpa istiqamətində gördüyü işlərə baxıb qürur duydum. Şuşa Azərbaycan mədəniyyəti tarixində böyük əhəmiyyətə malik şəhərdir. Azərbaycanın igid oğullarının azad etdiyi bu torpağa ayaq basmaq mənim üçün şərəf idi.

– Bundan sonra da tarixi ərazilərimizdə qürurla gəzmək arzusu ilə…

– Əlbəttə, bu, mütləq olacaq.

Teqlər: