Separatçıların son “bəyanatı”: onları kim öyrədir?

Separatçıların son “bəyanatı”: onları kim öyrədir?

Ermənistan “Qarabağ yükünü” üzərindən atmaq istəyir, amma bunu Azərbaycanın ərazi bütövlüyünü tanımaqla deyil, bölgəni Rusiyaya yükləməklə etməyə çalışır. Yəni, Ermənistan deyir ki, rəsmi Bakı ilə danışıqlarda Qarabağ mövzusu olmamalı, iki ölkə arasında olan problemlər ayrıca masaya yatırılmalı, Qarabağla isə Azərbaycan ayrıca özü danışmalıdır.

AzerTimes xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Qarabağdakı rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntülərinin son “bəyanatında” “qələmin Kreml tərəfindən tutulduğu” aydın görünür:

“Son 2 ildə dəfələrlə ictimai çıxışlarımda xəbərdarlıq etmişdim ki, sonda Xənkəndi məsələsi Rusiya ilə münasibətləri dalana dirəyəcək, əgər Moskva Ukraynada uğur qazana bilsə (Allah eləməmiş – N.C.), o zaman eyni ssenarini (referendumla öz ərazisinə qatmaq, Kalininqrad kimi eksklav şəklində) Qarabağda da təkrarlaya bilər. Son zamanlar yayılan videotəxribatların, Ermənistanla sərhəddə qonşu dövlətin müxtəlif maraq qruplarının törətdiyi təxribatların yeganə məqsədi Brüsselin moderatorluğunda davam edən sülh prosesini baltalamaq, yenidən bütün iplərin Kremlin əlinə keçməsinə şərait yaratmaqdır”.

Ekspertin fikrincə, Azərbaycan tərəfinin atmalı olduğu addımların ardıcıllığı belə olmalıdır:

1) Sülh danışıqlarını bacardıqca intensivləşdirmək, il sonuna qədər çərçivə anlaşmasının imzalanmasına nail olmaq;

2) Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların (vətəndaşların) Azərbaycana inteqrasiyasının yol xəritəsini elan etmək – bura Xankəndi və ətrafındakı yaşayış məntəqələrində seçkili yerli orqanların da olacağına zəmanət vermək;

3) Moskvaya son xəbərdarlıq edərək, oktyabr ayının sonuna qədər “rusməramlıların” nəzarətində olan bölgələrdə onlardan başqa əlində silah olan kimsənin qalmamasını tələb etmək, əgər tələb yerinə yetirilməsə, öz qanuni ərazilərimizdə “rusməramlılardan” başqa əlində silah olan hər kəsi terrorçu, zərərsizləşdirmək üçün qanuni hədəf elan edərək anti-terror əməliyyatlarına başlamaq;

4) Əgər “rusməramlılar” bu əməliyyatlara mane olsalar, Milli Məclisin geniştərkibli iclasını elan etmək, deputatlardan əlavə bütün əsas siyasi qüvvələrin iştirakı ilə müzakirələr apararaq “rusməramlıların” ərazimizdəki fəaliyyətini qeyri-qanuni elan etməklə, onların məmləkətdən çıxması ümün 48 saat vaxt vermək;

5) Antiterror əməliyyatlarından sonra Xənkəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların icma nümayəndələri (məhz icmalar formatında) ölkənin Daxili İşlər Nazirliyi və digər daxili məsələlərlə məşğul qurumları ilə görüşə, inteqrasiya məsələlərini müzakirə edə bilərlər.

“Arsax”ın son sarsaq “bəyanatı” daha çox Ermənistana ünvanlansa da, bizim üçün də təhlükəli məqamları çoxdur. Dünyanın indiki qarışıq zamanında hələ də 1 noyabr 2020-ci ildə (44 günlük müharibənin bitməsinə 9 gün qalmışdı) yazdığım fikirdə qalıram – bizim də öz “Çanaqqalamız” olacaq, buna ciddi hazırlaşmalıyıq…”

Qeyd edək ki, separatçı tör-töküntüsünün son “bəyanatında” bildirilir:

– “arsax”ın beynəlxalq tanınması yoxdur, amma bu “arsax xalqı”nın öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmır və bu hüquq uğrunda mübarizə davam edəcək, “arsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq;

– Azərbaycan müstəqilliyini elan edəndə artıq “arsax” bu ölkənin tərkibində deyildi, referendum keçirib Azərbaycanın tərkibindən çıxmışdıq;

– Ermənistan rəhbərliyi danışıqları “arsax”dan gizlətməməli, bütün bəndləri bizlə məsləhətləşməlidir, razı olmadığımız mətnə imza atmamalıdır. Ermənistan daim “arsax”ın yanında durmalıdır, amma son 2 ildə biz bunu tam hiss etmirik;

– Rusiyanın bölgədə yerləşən sülhməramlıları “arsax xalqı”nın təhlükəsizliyinin əsas qarantıdır, daim burda qalmalıdır, son zamanlar əsas və əbədi müttəfiqimiz olan Rusiyaya qarşı Ermənistanda gedən təbliğatı, münasibətlərin pisləşməsini narahatlıqla izləyirik;

– Diaspor təşkilatlarımız “arsax”ın subyekt kimi tanınması üçün səylərini gücləndirməli, bunun üçün bütün addımlar atılmalıdır;

– “arsax” Azərbaycanla birbaşa danışıqlardan qaçmır, amma bu danışıqlarda bərəbərhüquqlu tərəf kimi iştirak etməlidir.

Teqlər: