Separatçılara qarşı əməliyyatlar daha sərt olacaq – Şərh

Separatçılara qarşı əməliyyatlar daha sərt olacaq – Şərh

Qanunsuz hərbi birləşmələr anlamalıdırlar ki, bu cür təxribatçı əməlləri davam etdirərlərsə, o zaman gələcəkdə əməliyyatlar daha konkret və sərt olacaq.

AzerTimes xəbər verir ki, bunu qanunsuz hərbi birləşmələrin Qarabağda son təxribatı və Azərbaycan Ordusunun cavab addımlarını şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli Report-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağ ərazisində həyata keçirilən hərbi əməliyyatların tək səbəbkarı erməni tərəfidir və məsuliyyəti də məhz onlar daşıyır:

“Bildiyiniz kimi, separatçıların içində revanşist, təxribatçı qüvvələr çoxluq təşkil edir və onların tək məqsədi Azərbaycan ərazisində asayişi pozmaqdır. Azərbaycan tərəfinin keçirdiyi preventiv tədbirlər nəticəsində müəyyən uğurlara nail olunub və bundan sonra da belə olacaq. Həmin qüvvələrə qarşı keçirilən antiterror əməliyyatları Azərbaycanın beynəlxalq və yerli hüquq tərəfindən qorunan haqqıdır”.

İ.Rüstəmli deyib ki, Azərbaycan bu istiqamətdə kifayət qədər ciddi və konkret addımlar atır:

“Rəsmi Bakı dəfələrlə bəyan edib ki, həmin bölgədəki silahlı birləşmələrin fəaliyyəti cinayətdir. Qanunsuz hərbi birləşmələrin rəhbərləri anlamalıdırlar ki, bu cür təxribatçı əməlləri davam edəcəksə, o zaman gələcəkdə əməliyyatlar daha konkret və sərt olacaq. Azərbaycanın bu məsələdə qərarlı olması kifayət qədər hüquqidir və bütün təxribatların qarşısı qətiyyətlə alınacaq”.

Qeyd edək ki, iyunun 27-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Əsgərimizin yaralanmasından sonra erməni separatçılarına qarşı keçirilən “Qisas” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib.

Teqlər: