2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşdə dini rəhbər Əli Xamenei də iştirak edib.
Protokol 40 səhifədən ibarətdir. Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genaralları və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir.
“Tam məxfi arxiv” sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb.
AzerTimes olduqca önəmli bu protokolun dərcinə davam edir:
Ali Baş Komandanlıq Aparatına
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə
10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il)
Təsnifat: (hərbi) məxfi, arxiv sənədi
İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun komandirlərinin çıxışlarının xülasəsi
Əvvəli BURADA
Polkovnik Xudarəhm Sarani:
– Bildiyiniz kimi, əyalətdəki etirazların əksəriyyəti Çabahar şəhərində baş verib. Bu şəhərdə etirazçıların əksəriyyəti tacir və yükdaşıyandır. Bu insanlar gəlirlərinin az olduğuna görə etiraz edirlər.
Digər tərəfdən, vilayətin ab-havası elədir ki, bütün əyalət bölgələri bir-birinə dəstək verir, bir bölgədə tətillər baş verirsə, digər bölgələr də onlara qatılırlar.
Bu şəhərdəki hərbi qüvvələr əsasən yerli sakinlərdir, ona görə də ailə təzyiqi altında bir çox əməli addımlar ata bilmirlər. Bu, bütün əyalətə aiddir.
Sistan və Bəlucistan əyalətində təhlükəsizliyi təmin etməyə gələn digər əyalətlərin ehtiyat qüvvələri ancaq bu yerli qüvvələrin köməyi ilə meydanları bağlaya bilər.
Biz bülletenlərdə görürük ki, Tehran və digər böyük şəhərlərdə “Bəsic” qüvvələri mütəşəkkil şəkildə yerli polis qüvvələrinə kömək edir. Lakin Çabahar və əyalətdə belə bir imkan yoxdur.
Bundan əlavə, bu əyalətdə sünnilər daha güclüdür. Mövləvi Əbdülhəmidin çıxışlarından sonra baş verən dini ixtilaflar bu iki qrup arasında səngiyib. İndi xalq əsas məqsəd və istəklərinin təmin olunmasını tələb edir – su məsələsindən tutmuş məişət məsələlərinə qədər.
Əyalət informasiya departamentinin hesablamalarına görə, Sistan və Bəlucistan əyalətində imkanlı ailə tapmaq çətindir. Əyalətdə yüksək imkanlara malik olan az ailə var. Onların sayı min ailəni keçmir. Qalan əhali aztəminatlı ailələr sayılır.
Bu əyalətdə etirazların yeni raundu başlamazdan təxminən səkkiz ay əvvəl SEPAH-ın kəşfiyyat qüvvələri yeni qarşıdurmaların və etirazların başlayacağı barədə məlumatlar vermişdi. Planlarımıza görə, iğtişaşlar olarsa, qonşu əysalətlərdə olan ehtiyat qüvvələrin yardımı ilə məsələ dörd günə bitəcəkdi.
Müxtəlif məsələlər, xüsusən də dolların bahalaşması birbaşa problemlərin bu əyalətdə və azad ticarət zonasında gərginləşməsinə səbəb oldu. İnsanlar hər gün iş yerlərini itirir. Tayfaların iclaslarının keçirilməsi ilə bağlı xəbərlərin sayı çoxalır. Polis qüvvələrinin özləri də maliyyə çətinlikləri ilə qarşı-qarşıya qalıb. İclasda iştirak edən ağalara mənim sözlərim qəribə gələ bilər, amma bir polis aldığı maaşla ölən qardaşı və ya yeznəsinin ailəsini də dolandırmaq məcburiyyətindədir. Bu əşirətlərin qoyduğu bir adət, ənənədir. Lakin aldığı maaş bir ailənin xərclərinə yetəcək qədərdir.
Məişət problemləri, əqidə ziddiyyətləri, bəzi ağaların televiziya şəbəkələrində görünməsi və bu kişilərin övladlarının həyat tərzi bu əyalətdə yaşayan hərbçilər tərəfindən müzakirə edilir. Ola bilsin ki, iclasda iştirak edən ağalara hörmətsizlik olsun, amma mən Ali rəhbərin (Xamenei – red.) qarşısında bir misal çəkmək istəsəm, tabeliyimdə olan komandirlərin mənim dəftəxanamdakı cənab Şamxaninin oğlunun qolundakı saatı göstərmələrini deyərdim. Komandir mənə deyir ki, bu saatın qiyməti mənim silahlı qüvvələrdəki dörd illik maaşıma bərabərdir. Mən komandirə cavab verə bilmirəm. Problemləri həmişə düşmənin üzərinə yıxmaq olmaz. Bəli, biz sanksiyalar altındayıq, amma ölkənin gəliri aşağı deyil. Əgər ölkədə problemlər varsa, bəs necə olur ki, bu problemlər milli və hərbi komandirlər səviyyəsində görünmür? Mən bir şəhər qüvvələrinin komandiriyəm və maaşım aydındır və iclasda iştirak edənlərlə müqayisədə aşağı gəlirim var. Lakin milli mediada ordunun liderləri və generalları ilə danışmaq mümkün deyil. Maaşlarının azlığından danışmaq olmaz. Amma onların uşaqları milyardlıq maşın sürürlər. Bu azad zonada gəlin araşdırın, görün ağaların villaları, biznesləri necədir? Gömrüyün cəsarəti çatmır ki, ağaların xaricdən gətirdiyi luks mallarını yoxlasın. Bu məsələlər hərbi qüvvələr arasında qarşıdurmanı artırır. Silahlı qüvvələrin hər bir təki bu gün sistemə və inqilaba lazımdır. Etibarlı qüvvənin itirilməsi ölkənin təhlükəsizliyini məhv edir.
Ardı var