Sənayeləşmə siyasəti iqtisadi inkişafa dərin töhfə verir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda yürüdülən çevik iqtisadi siyasətin ən mühüm uğurlarından biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin inkişafıdır. Pandemiyanın hələ də davam etdiyi bir dövrdə ölkəmizin sənaye sektoru özünün dayanıqlı inkişaf tempinin qoruyub saxlayıb, qeyri-neft sənayesində məhsul istehsalı 16,6 faiz artıb.

Bunu AzerTimes-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputatb bildirib ki, Prezident İlham Əliyevin “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipinə əsaslanaraq hökumət tərəfindən sənaye sahələri modernləşdirilmiş və strukturu təkmilləşdirilmiş, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli, elmtutumlu və innovativ istehsalı genişlənib: “Sənayedə istehsalın diversifikasiyası genişləndirilib, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye parkları və sənaye məhəlləsi fəaliyyətə başlanılıb. Hazırda sənayeləmə siyasəti yeni mərhələyə keçid almaqdadır və postindistriual cəmiyyət quruculuğu müasir innovasiyaların tətbiqində geniş yer alır”.

A.Hüseynov bildirib ki, hazırda ölkədə ümumi daxili məhsulun 50 faizi, o cümlədən qeyri-neft iqtisadiyyatının 30 faizə yaxını sənaye sahələrində istehsal olunur: “Ölkəmizdə sənayeləşmənin dərin vüsət almasında 2014-cü il “Sənaye ili”nin elan edilməsi də mühüm töhfə verib. Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb. Pandemiya və xarici təsirlərə baxmayaraq qeyri-neft sənayesi ən yüksək templərlə artıb (2020-ci ildə 12,5%). 2020-ci ildə sənaye zonalarında (parklar və məhəllələr) 1,3 milyard manat həcmində istehsal olunub, onun 55%-i ixrac edilib.


“Sənaye parklarında rezident statuslu 50 müəssisədən 35-i fəaliyyətə başlayıb, 2020-ci ilədək 6 milyard manatdan çox investisiya yatırılıb və 9 mindən artıq iş yeri yaradılıb. Sənaye məhəllələrində iştirakçı statuslu 30 müəssisədən 17-si fəaliyyətə başlayıb, indiyədək 73 milyon manat investisiya yatırılıb və 280-dən artıq iş yeri yaradılıb”.
A.Hüseynov bildirib ki, qeyri-neft sənayesinin əsas halqalarını formalaşdıran maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılıb, o cümlədən Gəncədə traktor və kənd təsərrüfatı texnikası, Naxçıvanda avtomobil, Mingəçevirdə elektron avadanlıqlar, Sumqayıtda günəş panellər, Qaradağda metal konstruksiyalar, Hacıqabulda seramik plitələr istehsalı müəssisələri qurulub: “Bakıda və regionlarda toxuculuq, geyim istehsalı, dəri məmulatları və ayaqqabı istehsalı, kağız və karton istehsalı, mebel istehsalı və digər qeyri-neft emal sənayesi sahələrində fəaliyyət göstərən yeni müəssisələr tikilib istifadəyə verilib. Güclü müdafiə sənayesinin qurulması istiqamətində 50-yə yaxın yeni istehsal sahəsi yaradılıb, hərbi təyinatlı məhsullarla yanaşı, mülki məmulatların da istehsalı təşkil olunmub.

Ərzaq məhsullarının istehsalı sahəsində İmişlidə Şəkər Zavodu, Abşeronda Duz Zavodu, Sumqayıtda Bitki Yağları Emalı Zavodu, Oğuzda Qarğıdalı Emalı və Qlükoza İstehsalı Zavodu, müxtəlif bölgələrdə süd kombinatları, konserv zavodları və digər müəssisələr istismara verilib. Hazırda sənayenin əsas güc mərkəzlərindən biri olan Ələt İqtisadi Zonası da sənayeləşmə siyasətinin daha da güclənməsində, rəqabətə davamlı qeyri-neft sənayesi məhsullarının ixracının artmasında, sərmayələrin axınında töhfəverici rol oyanayacaq”.

Ölkəmizdə kosmik sənaye quruculuğunun da inkişaf etdirildiyini vurğulayan millət vəkili qeyd edib ki, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” hazırlanıb, peyk xidmətlərinin ixracına başlanılıb.

Teqlər: