Qlobal səviyyədə ölkəmizə qarşı aparılan mənfi təbliğatın əksi təmin olunmalıdır – Ekspert

Xəbər - Çingiz Səfərli – Trend:

Qlobal səviyyədə ölkəmizə qarşı hansı şəkildə mənfi təbliğat aparılırsa, onun əksi təmin olunmalıdır.

Bunu AzerTimes-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

O, bildirib ki, bunun üçün qlobal məlumat mübadiləsi şəbəkəsinin yaradılmasına ehtiyac var: “Qlobal səviyyədə “fake news”a qarşı dünyanın bütün aparıcı dövlətləri hansısa tədbirlər görür. Yalnız özləri əleyhinə aparılan anti-təbliğata qarşı yox, həm də dövlətin maraqlarının təşviqi məqsədilə müxtəlif internet-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edirlər. Buna misal olaraq, Çini, Avropa ölkələrini, Rusiyanı və s. göstərmək olar. Ermənilər bizə qarşı müxtəlif istiqamətlərdə kampaniyalar təşkil edirlər. Xüsusən, bu, Vətən müharibəsindən sonra daha da intensivləşib. Onlar müxtəlif platformalarda dezinformasiyalar tirajlayırlar. Eyni zamanda, Azərbaycanla bağlı müsbət fikirlər söyləyən, yazılar yazan jurnalistlər, ictimai-siyasi və dövlət xadimləri hədəfə alınır. Bu yaxınlarda Şuşaya səfər etmiş səfirlərə ermənilər özlərinin qlobal məlumat mübadilə sistemləri vasitəsilə demək olar ki, virtual divan tutdular. Məsələn, Azərbaycanla bağlı bir müsbət yazı gedirsə, bir qrup söyüş kampaniyasına başlayır, başqa bir qrup şantaja keçir, dövlət xadimlərini, Azərbaycanla bağlı müsbət mövqe tutan beynəlxalq təşkilatların nümayəndələrini təhdid edirlər. Bunun üçün minlərlə insan həmin şəxslərin sosial şəbəkə ünvanlarına, e-mail adreslərinə təhqiredici və şantaj dolu mesajlar göndərməklə, onları bu mövqelərindən çəkindirməyə çalışırlar. Buna misal olaraq, “Fransa 24″ün reportyorunun öz materialından imtina etməsi, Avstraliyanın yayım korporasiyası ilə bağlı aparılan kampaniyanı və s. göstərmək olar”.

Ekspert qeyd edib ki, dünyada qısa məlumatlar hazırlayan laboratoriyalar var. Bizdə də belə laboratoriyalar yaradılmalıdır ki, dövlətin xarici siyasətdə mövqeyini əks etdirən kiçik tezis və başlıqlar şəklində peşəkar mətnlər hazırlansın. Bu şəbəkə yaradılarkən koordinasiya mərkəzləri olmalı, hərə öz funksiyalarını bilməlidir. Yəni, bunun mexanizmlərini daha samballı hazırlamaq olar. Bu, sosial şəbəkələr üzərindən görüləcək işləri təşkil etmək üçündür”.

S.Məmmədov sosial şəbəkələr üzərində mübarizə ilə yanaşı, təbliğat üçün beynəlxalq tədbirlərin təşkilinin də vacib olduğunu qeyd edib: “Bunun üçün savadlı, peşəkar kadrlar hazırlanmalıdır. Təkcə ingilis, fransız dilini bilməklə iş bitmir. Dil bilmək lazım olan 10-15 keyfiyyətdən sadəcə biridir. Təbii ki, bizdə bu istiqamətlərdə müəyyən təşəbbüslər var. Sadəcə, bu təşəbbüsləri mərkəzləşdirmək lazımdır”.

Teqlər: