Səlim Müslümovun məhkəməsi: Evləri ucuz qiymətə alıb…

Səlim Müslümovun məhkəməsi: Evləri ucuz qiymətə alıb…

Alqı-satqı işlərində iştirak etmişəm. Evləri baha qiymətə rəsmiləşdirib, ucuz qiymətə alırdıq. Məsələn 50 min manata rəsmiləşdirilən mənzili 30 min manata təhvil vermişəm. Gəncə və Mingəçevir şəhərlərinin tikintiləri mənə həvalə olunmuşdu.

AzerTimes xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində ifadə verən Rüfət Kərimov deyib.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tikilməkdə olan obyektlərin İdarəsinin sabiq şöbə müdiri olub.

Şahid bildirib ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tikilməkdə olan obyektlərin İdarənin rəisi Natiq Əzizovun tapşırıqlarını icra edib.

Daha sonra şahid qismində Vüqar Cəfərov dindirilib. O söyləyib ki, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) Gəncə şöbəsində məsləhətçi vəzifəsində çalışıb. Onun sözlərinə görə, vətəndaşın evini 62 min manata alıb, 70 min manat qiymətində rəsmiləşdirilib: “Aldığımız evlər təmirli və təmirsiz mənzillər olurdu. Hər evdən qalan artıq pulu Natiq Əzizovun adamı olan Rövşən Xəlilova vermişəm”.

Şahid Nizami Əhmədov vurğulayıb ki, DSMF-nin Gəncənin Kəpəz rayon şöbəsinin rəisi olub:

“Bizə nazirlikdən deyilmişdi ki, ancaq sənədli evlər tapın. 2014-cü ildə Natiq Əzizov mənə Gəncədə evlərin alqı-satqı işlərində iştirak etməyimi dedi. Natiqin özü də alqısatqı məsələsində Gəncəyə gəlib-gedirdi. 32 min manatlıq evi 48 min manata, 42 min manatlıq evi 70 min manata rəsmiləşdirirdik. Artıq pullar isə birbaşa nazirliyin nümayəndəsi Natiq Əzizovun özünə təqdim edilirdi”.

Daha sonra digər şahid Rövşən Xəlilov ifadə verib. O, “Xəzər təmir” MMC-nin sabiq rəhbəri olub: “Bütün evlərdən qalan artıq pulları Natiq Əzizova vermişəm. Son 6 min manatı isə bu işdə şahid olan nazirliyin nümayəndəsi Rüfət Kərimova təqdim etmişəm. Tək dövlət tərəfindən Gəncə şəhərində evlərin təmirinə ayrılan 262 min manatı Natiq Əzizova vermişəm”.

Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin edilib.

Teqlər: