Selcan Maqsudovadan layiqli çıxış gözləyirik – Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda
Azərbaycan gimnastı Selcan Maqsudovadan layiqli çıxış
gözləyirik.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş
katibi Nurlana Məmmədzadə deyib.

O xatırladıb ki, 2021-ci ilin noyabrında Bakıda keçirilmiş batut
gimnastikası və tamblinq üzrə yaş qrupları yarışlarında Selcan
Maqsduova finalda dördüncü yeri tutdu. “Ötənilki Avropa
çempionatında isə böyüklər yaş kateqoriyasında finala çıxmışdı.
Ümid edirəm ki, bu yarışda gimnastımız öz proqramını uğurla yerinə
yetirəcək”, – deyə o bildirib.

N.Məmmədzadə xatırladıb ki, batut gimnastikası üzrə Dünya Kuboku
iki gün, fevralın 12-13-də keçiriləcək.

“Yarışların ilk günü təsnifat mərhələsi keçirilir. Sabah kişilər
arasında fərdi proqramda ikinci təsnifat mərhələsi, daha sonra həm
fərdi, həm də sinxron proqramda finallar keçiriləcək. Bu yarış yeni
Olimpiya dövründə ilk Dünya Kubokudur və yeni qaydalara uyğun
keçirilir. Ona görə də bu, iştirakçılar üçün yeni qaydalarda öz
güclərini sınamaq üçün imkandır”, – N.Məmmədzadə deyib.

Onun sözlərinə görə, kişilər arasında təsnifatın iki mərhələsi
yenilikdir və bu Dünya Kubokunda ilk dəfə tətbiq olunacaq.


N.Məmmədzadə vurğulayıb ki, Azərbaycanda batut gimnastikası üzrə
yarışlar 2016-cı ildən keçirilir. Bu, Bakıda keçirilən sayca
beşinci batut gimnastikası üzrə Dünya Kubokudur.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışda 13 ölkədən 63 idmançının iştirakı gözlənilir. Dünya
kubokuna qatılmaq məqsədilə ölkəmizə səfər edəcək batutçular iki
yarış günü ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni
qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü
təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci
təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək.
Qeyd edək ki, qədəm qoyduğumuz yeni Olimpiya dövründə batut
gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq
iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların
miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda
müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Maqsudova
təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: