Səkkizinci dəfə təşkil olunan Qlobal Bakı Forumu dünyanın aparıcı platformalarından biridir – Tamam Cəfərova

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nisbətən qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan çox azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən keçirilməyə başlanmış Qlobal Bakı Forumu artıq ənənəyə çevrilmişdir. Səkkizinci dəfə təşkil olunan Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından dünyanın aparıcı platformalarından biridir, desək, yanılmarıq.

Bu sözləri AzerTimes-a “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumunda cənab Prezident İlham Əliyevin çıxışına münasibət bildirən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Forumun aşılışında çıxış edən cənab Prezident qlobal gündəliyin bir nömrəli məsələsi, pandemiya ilə mübarizə sahəsində Azərbaycanən qazandığı uğurlar haqqında məlumat verərəək, bildirib ki, cari ilin yanvarın 18-dən Azərbaycan regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başlamışdır. Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılmışdır. Diqqətə çatdırılıb ki, Azərbaycanın bu istiqamətdə gördüyü işlər Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib, Azərbaycanın təcrübəsi başqa ölkələr üçün nümunə olaraq göstərilib.

Cənab Prezident, həmçinin bildirmişdir ki, əhali vaksinasiya məsələsinə çox məsuliyyətlə yanaşır. Azərbaycanda əsasən iki peyvənddən istifadə olunur. “Sinovac” və “Pfizer”dən və peyvəndləmə səviyyəsi yüksəkdir. Bu cür nəticələrin əldə olunması dövlət siyasəti sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu işləri xeyli asanlaşdırır.

Əvvəllər tətbiq olunan qapanmaların yükünü azaltmaq məqsədilə görülmüş tədbirlərdən danışan cənab Prezident İlham Əliyev bildirib ki, Azərbaycan hökuməti işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırmışdır və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. “Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir. Biz, bunu etməyə davam edəcəyik, çünki biz özlərini tamamilə yeni bir vəziyyətdə görən insanların üzərinə düşmüş yükü azaltmalıyıq”.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il Azərbaycanda hər iki təşkilatın COVID-19 pandemiyasına həsr olunmuş xüsusi Zirvə görüşü keçirildi.

Pandemiyaya qarşı mübarizədə Azərbaycanın qlobal təşəbbüsləri səfərbər edən ölkə olduğunu qeyd edən millət vəkili T.Cəfərova bildirib ki, cənab Prezident qlobal miqyasda da Azərbaycanın atdığı fəal addımlar haqqında məlumat verib və bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq, 2020-ci ildə Azərbaycanın təşəbbüsüsü ilə aprel və may aylarında hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirilib. Qoşulmama Hərəkatının Sammitində Azərbaycan BMT-nin Baş Assambleyasının COVID-ə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs beynəlxalq birliyin mütləq əksəriyyəti tərəfindən dəstəklənmişdir və bu xüsusi sessiya keçən ilin 3 və 4 dekabr tarixlərində baş tutmuşdur. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir, bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir. Bütün bunlar Azərbaycanın gücünü və beynəlxalq miqyasda nüfuzunu göstərən önəmli məqamlardır.

Millət vəkili vurğulayıb ki, bütün bunlar Azərbaycanın qlobal məsələlərin müzakirəsinə olan töhfəsi kimi qiymətləndirilməlidir və fikirlərini inkişaf etdirərək qeyd edib ki, Azərbaycanın eyni zamanda qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdəndir. Ölkəmiz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs irəli sürüb. Cənab Prezident bununla bağlı deyib ki, “bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik”.

“Covid-19 pandemiyasına qarşı mübarizədə bütün dünyaya “birlikdəyik” mesajının ünvanlanması, məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüskarlığının və qlobal liderliyinin göstəricisidir”. Millət vəkili Tamam Cəfərova belə deyib.

Teqlər: