Şəki şəhərində “Nəsillərin görüşü” adlı zona konfransı keçirilib (FOTO)

Aprelin 15-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Şəki
Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Nəsillərin
görüşü” adlı zona konfransı keçirilib.

Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət
təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal
Quliyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr
müavini, polkovnik Cəlil Xəlilov, Şəki şəhərinin və ətraf
rayonların veteran və ziyalıları, o cümlədən Dövlət Sərhəd
Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak
ediblər.

Trend xəbər verir ki, konfransın əvvəlində Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz
uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad
olunub.

Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil
Xəlilov açaraq, xalqımızın, Azərbaycan Ordusunun 44 günlük Vətən
müharibəsindəki qəhrəmanlığından bəhs edib. Polkovnik qeyd edib ki,
müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali
Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi
birləşən Azərbaycan xalqı, qəhrəman ordumuz cəmi 44 gündə
Ermənistan ordusunu darmadağın edərək, ərazi bütövlüyümüzün təmin
edilməsinə nail olub.

Dövlətin veteranlara, müharibə əlillərinə, Vətənin müdafiəsində
bu və ya digər dərəcədə iştirak edən şəxslərə xüsusi diqqət və
qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov, cəmiyyətdə
narahatlıqla qarşılanan bəzi məqamlara da diqqət çəkib. Bəzi
şəxslərin müharibə iştirakçısı statusundan süni şəkildə istifadə
etməyə çalışdığını, dövlət qurumlarına təzyiq göstərməyə cəhd
etmək, əsassız iddia və tələblər səsləndirməklə qazi adına
yaraşmayan əməllərə imza atdığını diqqətə çatdıran Cəlil Xəlilov
qanunun hamı üçün bir olduğunu bildirib, həmin şəxsləri hüquqi
əsası olmayan tələblər irəli sürməkdən çəkinməyə çağırıb.

Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov
çıxış edərək, Azərbaycan xalqının dövlətimizin başçısının
rəhbərliyi altında 44 günlük Vətən müharibəsində böyük əzm və
mübarizlik sərgilədiyini bildirib. Qeyd olunub ki, Azərbaycan
Ordusu xalqın dəstəyi ilə qısa zamanda işğalçı Ermənistan ordusunu
darmadağın edərək, dövlətimizin ərazi bütövlüyünü, xalqımızın
təhlükəsizliyini qorumağa qadir olduğunu sübut edib.

Dövlətin şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara
böyük qayğı göstərdiyini diqqətə çatdıran icra başçısı, həmin
kateqoriyadan olan vətəndaşlarla bağlı böyük sosial layihələrin
həyata keçirildiyini, bu təşəbbüslərin cəmiyyətdə məmnunluqla
qarşılandığını bildirib. Bəzən sosial şəbəkələrdə müəyyən şəxslər
tərəfindən dövlətimizə qarşı əsassız iddia və tələblər səsləndiyini
təəssüflə qeyd edən Elxan Usubov, bu cür qərəzli iddialara qarşı
hər kəsin, o cümlədən müharibə veteranlarının, qazi və əlillərin
birgə mübarizə aparmalarının vacib olduğunu söyləyib.

Konfransda çıxış edən Prezident Administrasiyasının
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor
müdiri Vüsal Quliyev 44 günlük Vətən müharibəsinin dünya hərb
tarixinə qızıl hərflərlə həkk olunduğunu, Müzəffər Ali Baş
Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Vətən
müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını bildirib. Sektor
müdiri dövlətin şəhid ailələrini, veteranları, müharibə əlillərini
daim diqqət mərkəzində saxladığını qeyd edib. Vüsal Quliyev,
həmçinin bəzi şəxslərin və veteran adı daşıyan təşkilatların bu
statusdan sui-istifadə cəhdlərini də qınayıb, bu cür hallara qarşı
birgə mübarizənin vacibliyinə toxunub. Sektor müdiri bildirib ki,
veteranlar müharibədə olduğu kimi, bu sahədə də aktiv olmalı, milli
maraqların, dövlətin və dövlətçiliyin keşiyində
dayanmalıdırlar.

Vüsal Quliyev veteran təşkilatlarına bu cür görüşlərin mütəmadi
təşkil olunmasını, veteran təşkilatlarının beynəlxalq veteranlar
hərəkatında daha aktiv iştirak etmələrini tövsiyə edib.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrin
İctimai Birliyinin Şəki filialının sədri, Qarabağ müharibəsi əlili
Məmmədnuru Əzizov, Əfqanıstan və Birinci Qarabağ müharibəsi
veteranı Adil Musayev, Vətən müharibəsi qazisi Asif Məmmədəliyev də
çıxışlarında dövlətin veteranlara qayğısından razılıqla bəhs edib,
veteran adından, qazi statusundan sui-istifadə cəhdlərini
qınayıblar.

Tədbirin ikinci hissəsi aktiv diskussiya şəraitində keçib.
Konfransda çıxış edən 44 günlük Vətən müharibəsi qaziləri dövlətin
həssas təbəqə ilə bağlı sosial siyasətini, şəhid ailələrinə,
veteran və müharibə əlillərinə göstərdiyi qayğını yüksək
qiymətləndirib, dövlətimizin başçısına öz təşəkkürlərini
bildiriblər. Eyni zamanda, üzləşdikləri neqativ hallarla bağlı
şikayətlərini də dilə gətirən qazilər, xüsusilə əlilliyin təyinatı
ilə bağlı məsələlərdə bəzi hallarda süründürməçilik və
qeyri-obyektivliklə qarşılaşdıqlarını vurğulayıblar.

Polkovnik Cəlil Xəlilov rəhbərliyində təmsil olunduğu Müharibə,
Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının neqativ hallarla
üzləşən veteranlara yardım etməyə, onların şikayət və narazılığını,
təklif və iradlarını əlaqədar qurumlara çatdırmağa hazır olduğunu
bildirib.

Tədbir iştirakçıları sonda ulu öndər Heydər Əliyevin abidəsi
önündə xatirə şəkli çəkdiriblər.

Teqlər: