Sejurne Bakıya böhtan atdı və şantaja keçdi

Sejurne Bakıya böhtan atdı və şantaja keçdi

Fransanın xarici işlər naziri Stefan Sejurne Parisdə ABŞ Dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında fürsətdən istifadə edərək, Azərbaycan əleyhinə təbliğat da aparıb.

AzerTimes xəbər verir ki, Sejurne Ermənistanın “ərazi bütövlüyünə” Azərbaycan tərəfindən “təhdid olduğunu” iddia edib.

30 il Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları işğal altında olduğu vaxt bir dəfə də olsun Ermənistanın ünvanına ittiham səsləndirməyən Fransanın Azərbaycanı “təhdiddə” ittiham etməsinin özü gülüncdür. Çünki faktiki olaraq heç bir işğal, təhdid yoxdur. Əksinə, Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazisinə aid olan 8 kənd hələ də Ermənistanın işğalı altındadır və Sejurne buna, əlbəttə ki, toxunmur.

“Biz bu gün Azərbaycan tərəfindən mübahisələndirilən Ermənistanın ərazi bütövlüyü haqqında danışdıq və icazə verin deyim ki, Azərbaycanın ritorikasının getdikcə nəzarətdən çıxdığını nəzərə alaraq, bundan nə qədər narahatıq”, – Sejurne bildirib.

Sejurne Ermənistanın sərhədə hərbçi və zirehli texnika daşımasını əks etdirən görüntüləri, o cümlədən sərhəddə silah yerləşdirməsini təsdiqləyən sübut-dəlilləri də “görməzdən gəlib” və həyasızcasına bunu Bakının “feyk xəbəri” adlandırıb. O iddia edib ki, guya Ermənistan bu regionda münaqişənin qarşısını almağa çalışan “yeganə tərəfdir”, Azərbaycan isə eskalasiyaya görə məsuliyyəti Ermənistanın daşıyacağı haqda “yalançı təbliğat” aparır.

Görünür, Ermənistan “münaqişənin qarşısını almağa çalışan yeganə tərəf olduğu” üçün Fransa Ermənistana yüzmilyonlarla dəyəri olan silahlar satır, müdafiə nazirini İrəvana göndərir, ikitərəfli, üçtərəfli hərbi müqavilələr imzaladır!

Sejurne “mən bütün bu təbliğatda Rusiyanın Ukraynaya bağlamağa çalışdığı bir çox ümumi elementləri görə bilirəm” – deyərək, Ermənistanın müdafiəsi üçün mənfi imicə malik Rusiyadan müqayisə kimi istifadə etməyi də unutmayıb, daha sonra isə şantaja keçib. O bildirib ki, Bakıda COP29-a altı ay qalmış bu fakta diqqət yetirməyə çağırır.

Bu, Ermənistanın bacısı funksiyasını bütün məkanlarda həyata keçirən Fransanın Azərbaycanın COP29-a ev sahibliyi etməsindən doğan qısqanclığı, Azərbaycanın nüfuzunu həzm edə bilməməsi, böhtan və yalan kampaniyasını şantajla davam etdirməsidir.

Teqlər: