Şəhid Vüsal Məlikov Lerikdə dəfn olundu

Şəhid Vüsal Məlikov Lerikdə dəfn olundu

Ermənistanın Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonlarının sərhəd ərazilərində törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçu leytenant Vüsal Bəxtiyar oğlu Məlikovun cənazəsi doğulub boya-başa çatdığı Lerik rayonuna gətirilib.

AzerTimes-ın verdiyi xəbərə görə sakinlər rayonunun girəcəyindən şəhidin doğulduğu Almu kəndinə qədər yolboyu avtomobil karvanını müşayiət edib. Vətənpərvərlik şüarları ilə kənd qəbiristanlığına aparıblar.

Şəhid V.Məlikov 2000-ci ildə Lerik rayonunun Almu kəndində doğulub. Kənd ümumi orta məktəbinin 9-cu sinifini bitirdikdən sonra C. Naxçıvanski adına hərbi liseyə daxil olub. 2016-cı Ali Hərbi Akademiyaya daxil olub.

2020-ci ildə leytenant rütbəsində N saylı hərbi hissədə xidmətə başlayıb.

Şəhidin dəfni ilə əlaqədar keçirilən mərasimdə millət vəkilləri, rayon rəsmiləri, hərbçilər, şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, eləcə də şəhid ailələrinin nümayəndələri iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub. Qeyd olunub ki, şəhidlərimizin qanı yerdə qalmır. Hər bir şəhidimizin qarşılığında düşmən ağır zərbələr alır.

Şəhid Vüsal Məlikovun tabutuna bükülü üçrəngli bayrağımız dəfndən sonra ailə üzvlərinə təhvil verilib.

Qeyd edilib ki, şəhidlərimiz hər zaman hörmətlə anılacaq, onların canlarını fəda etdikləri Vətən daha da inkişaf edəcək, güclənəcək!

Allah bütün şəhidlərimizin ruhlarını şad etsin, yaralı qazilərimizə şəfa versin!

Teqlər: