Şəhid tankçının xatirəsi anılıb (FOTO)

19 aprel Cəmşid Naxçıvanski adına hərbi lisey günü ərəfəsində
Ağdam rayonunun işğaldan azad olunan Qızıllı Kəngərli kəndində
şəhid zabit Əhməd Suliddin oğlu Mehbalıyevin xatirəsinə həsr edilən
tədbir keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Müdafiə Nazirliyi rəsmilərinin, bölgədə
xidmət keçən hərbi qulluqçuların və yaradıcı heyət üzvlərinin
iştirak etdikləri tədbirdə respublikamızın ərazi bütövlüyü, tarixi
torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Əməkdar
incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla
Qurbani çıxış edərək şəhid baş leytenantın hər bir gənc üçün örnək
olan mənalı ömür və döyüş yolundan söhbət açıb.

Qeyd edilib ki, Əhməd Mehbalıyev 1 sentyabr 1968-ci ildə
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində
anadan olub. Qıvraq indi qəsəbə olmaqla, yeni yaradılan Kəngərli
rayonunun mərkəzinə çevrilib.

Kəngərli rayonundan pərvazlanan Əhməd kənd orta məktəbində 7-ci
sinifi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə
təhsil alıb, Kazan Ali Tank Məktəbini bitirib. Bir müddət Kiyev,
Moskva şəhərlərində tank qoşunlarının hərbi hissələrində tank
komandiri kimi xidmət edib.

Nəzərə çatdırılıb ki, 1991-ci ildə Vətənə qayıdan gənc zabit ilk
gündən Qarabağ uğrunda döyüşlərə yollanıb. Şuşa, Laçın, Qubadlı,
Kəlbəcər, Tərtər döyüşlərində əsl peşəkarlıq, qəhrəmanlıq və
igidlik nümunələri göstərib.

Silahdaşlarının “Kəngərli balası” deyə çağırdıqları tank taqımı
komandiri baş leytenant Əhməd Mehbalıyevin ömür yolu 1993-cü ilin
25 iyununda Ağdam rayonunun Qızıllı Kəngərli kəndində şəhidliklə
başa çatıb. O, bu kənd uğrunda düşmənlə qeyri-bərabər döyüşdə son
nəfəsinədək döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Bakıda Birinci Şəhidlər xiyabanında böyük izdihamın iştirakı ilə
son mənzilə yola salınan igid tankçı Əhməd Suliddin oğlu Mehbalıyev
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə
ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Xatirəsi həmişə əziz tutulan şəhid zabitin adı Bakı şəhərindəki
küçələrdən birinə verilib, 50 illik yubileyi təntənəli şəkildə qeyd
edilib.

Hərbi qulluqçulardan Seymur Həbibullayev, Fəqan Əliyev, Ramil
Nəzərov və başqaları çıxış edərək Əhməd Mehbalıyevin, eləcə də
bütün şəhidlərimizin intiqamını aldıqlarını və Vətən müharibəsində
qazandıqları möhtəşəm zəfər ilə xalqımıza böyük Qələbə sevinci
yaşatdıqlarını iftixar hissi ilə vurğulayıblar.

Xidmətdə fərqlənən döyüşçülərə tankçı Əhməd Mehbalıyev haqqında
da geniş məlumat verilən Abdulla Qurbaninin “Böyük gələcəy baxış”
adlı yubiley nəşri hədiyyə edilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı
heyəti şəhidlərin ölməzliyinə, Müzəffər Ordumuzun qalibiyyətinə,
döyüşçülərimizin şücaətinə həsr olunan ədəbi-bədii kompozisiya ilə
çıxış ediblər.

Teqlər: