Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Ələkbərov Fərid Tahir oğludur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Fərid Ələkbərovun bu gün doğum günüdür.
Trend xəbər verir ki, bununla əlaqədar iyulun 18-də şəhidin ailə üzvləri, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyətin nümayəndələri qəhrəman zabitin İkinci Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
Mayor Fərid Ələkbərovun xatirəsinin yad olunması məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda anım mərasimi keçirilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəis müavini polkovnik Emin Səfərov mayor Fərid Ələkbərovun müəllim kimi hərbi məktəbdə fəaliyyətindən geniş söhbət açıb, onun həm peşəkar hərbçi, həm də əsl pedaqoq olaraq tələbələri tərəfindən sevildiyini bildirib. Natiq çıxışında Fərid Ələkbərovun 2014-cü ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində artilleriya bölməsi üzrə baş müəllim vəzifəsində çalışaraq kapitan rütbəsindən mayora qədər yüksəldiyini, 2018-ci ildən baş zabit vəzifəsinə təyin olunduğunu diqqətə çatdırıb.
Şəhidimizin tələbə yoldaşı, ehtiyatda olan polkovnik-leytenant Mikayil Məmmədov qardaş Türkiyə Cümhuriyyətində Fəridlə birlikdə keçirdiyi tələbəlik illərindən danışıb.
Mərasimdə çıxış edən şəhidin qardaşı Rüfət Ələkbərov və anası Şükufə Hüseynova Fəridlə bağlı xatirələrini bölüşüb, ürək sözlərini və arzularını gənc zabitlərə çatdırdılar.
Şəhidin döyüş yoldaşları – Vətən müharibəsi qaziləri olan gənc zabitlər Mobil Əhmədzadə və Aydın Osmanov Fərid Ələkbərovun 44 günlük Vətən savaşında keçdiyi döyüş yolu barədə tədbir iştirakçılarına məlumat veriblər.
Qeyd edək ki, Ələkbərov Fərid Tahir oğlu 1980-ci il iyulun 18-də Bakıda anadan olub. O, 1996-cı ildə İstanbul Kuleli Hərbi Liseyinə daxil olub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə daxil olan Fərid 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub. Bununla da kifayətlənməyən Fərid İsparta şəhərindəki Dağ Komando Məktəbinə daxil olub və buranı da müvəffəqiyyətlə bitirib. O, 2005-ci ildə Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə qatılan mayor Fərid Ələkbərov Murov dağındakı yüksəkliklərin alınmasında iştirak edib, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. O, noyabrın 8-də Xankəndi istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə savaşıb. Ayağından qəlpə yarası almasına baxmayaraq, döyüşü davam etdirən qəhrəman zabit düşmənin canlı qüvvəsini məhv edərək taborun mühasirədən çıxmasında müstəsna rol oynayıb. Təəssüf ki, bu, Fəridin sonuncu döyüşü olub. Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Fəxri xiyabanda dəfn olunub.