Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycanın Ukraynadakı səfirliyi Ukraynada yaşayan Azərbaycan
vətəndaşlarına müraciət edib.

Bu barədə Trend səfirliyə istinadən xəbər verir.

“Ukraynadan təxliyə olunan həmvətənlərimizin əsasən Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsi almaq üçün müraciət etdiyini
nəzərə alaraq, aşağıdakı məlumatı diqqətə çatdırırıq.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi
rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlərdən biri təqdim
edilməlidir:

– Etibarlılıq müddəti bitmiş və müəyyən obyektiv səbəblərdən
yenilənməsi mümkün olmamış Azərbaycan Respublikası ümumvətəndaş
pasportunun əsli;

– Etibarlı, yaxud etibarlılıq müddəti bitmiş və müəyyən obyektiv
səbəblərdən yenilənməsi mümkün olmamış Azərbaycan Respublikası
ümumvətəndaş pasportunun surəti;

– Etibarlılıq müddəti çərçivəsində obyektiv səbəblərdən istifadə
olunmamış Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin
əsli.

Yuxarıda qeyd olunanlardan heç biri olmadığı halda mövcud
sənədlər və məlumat əsasında müvafiq qurumlara göndəriləcək sorğu
və ya digər araşdırmanın nəticəsinə uyğun olaraq, şəhadətnamə
rəsmiləşdirilə bilər. Belə hallarda vətəndaşlarımızdan doğum
haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, Azərbaycan
Respublikasının vətəndaşı olan valideynlərinin ümumvətəndaş
pasportu və şəxsiyyət vəsiqələrinin, nikah haqqında
şəhadətnamələrinin surətlərinin, şəxsiyyət vəsiqələri şəkilsiz
olduğu halda dövlət orqanları və ya təhsil müəssisələri tərəfindən
verilmiş hər hansı şəkilli sənədin təqdim edilməsini xahiş
edirik.

Bütün hallarda müraciət edən vətəndaşlardan sənədlərə iki ədəd
3×4 ölçülü fotoşəkil əlavə edilməsi xahiş olunur.

Təxliyə olunan vətəndaşlarımızın Azərbaycana səfər etmələrini
asanlaşdırmaq məqsədilə lazım olan sənədlərin nəzərdə tutulandan
daha qısa müddətdə hazırlanması üçün bütün mümkün tədbirlər
görülür.

Diqqət: Təxliyə zamanı Azərbaycana maneəsiz səfər edə bilmələri
məqsədilə Ukraynada yaşayan Azərbaycan Respublikası vətəndaşları 3
mart 2022-ci il tarixindən Azərbaycan Respublikasına qayıdış
şəhadətnaməsi üçün nəzərdə tutulmuş dövlət rüsumundan azad
edilmişdirlər (şəhadətnamə ÖDƏNİŞSİZ rəsmiləşdirilir). Qayıdış
şəhadətnamələrinin rəsmiləşdirilməsində köməklik qarşılığında pul
vəsaiti və ya digər şəkildə maddi maraq tələb edildiyi hallar
olarsa, bundan imtina edilməsini və həmin şəxslər barədə məlumat
verilməsini xahiş edirik” – deyə səfirliyin müraciətində
deyilir.

Teqlər: