Dinimizə görə səfərdə olan şəxslər oruc tutmaya bilər. Bu barədə Qurani-Kərimdə buyurulur: “…Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun!” (əl-Bəqərə, 184).
AzerTimes xəbər verir ki, bunu ilahiyyat üzrə fəlsəfə doktoru, millət vəkili Ceyhun Məmmədov qeyd edib.
C.Məmmədov vurğulayıb ki, Məhəmməd Peyğəmbərin (s) hədislərində də səfərə çıxanlara oruc tutmaq tövsiyə olunmur:
“Hədislərin birində buyurulur: “Peyğəmbər səfərdə ikən taqətdən düşmüş bir kişinin ətrafına toplaşmış əshabələri görüb (onlardan): “Nə baş verib?” – deyə soruşdu. Onlar: “Bu adam oruc tutub” – deyə cavab verdilər. Peyğəmbər buyurdu: “Səfərdə oruc tutmaq yaxşı əməl deyildir”.
Məlum olduğu kimi, o dövrdə bir bölgədən digər bölgəyə səfər etmək və bu zaman oruc tutmaq nəqliyyat vasitələrinə görə həmin dövrün insanları üçün çox çətin idi. İndi isə insanlar 100 kilometrlərlə məsafəni bir-neçə saata təyyarə ilə qət edə bilirlər.
Beləliklə, yenidən o nəticəyə gəlirik ki, səfərdə oruc tutmamaq Allahın bəndəyə ehsanı və lütfüdür. Ancaq kiminsə səfərdə olarkən oruc tutmasına da hansısa qadağa yoxdur. Orucu açmaq üçün icazə verilən səfər məsafəsinə gəldikdə isə bu 90 kilometrdir.
Allah bütün dua və orucları qəbul etsin!”