Bakı müraciət etsə, ermənilər axtarışa veriləcək… – Qriqoryan

Bakı müraciət etsə, ermənilər axtarışa veriləcək… – Qriqoryan

Roma Statutu ilə bağlı qərar qəbul edərək, Ermənistan Konstitusiya Məhkəməsi, əslində, öz məhkəmə aktını (2004-cü il qərarı) konstitusiyaya zidd elan etdi. Bu da nəinki qəbuledilməz, həm də ağlasığmazdır. Roma Statutunun müddəalarına görə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunan şəxslərə qarşı heç bir amnistiya və ya əfv tətbiq edilə bilməz.

AzerTimes xəbər verir ki, bunu erməni hüquqşünas Vage Qriqoryan deyib.

“Bu, artıq suverenliklə bağlı müddəanın müəyyən məhdudlaşdırılmasını nəzərdə tutan prosedurdur, çünki prezidentin fərmanları və ya parlamentin qərarları ilə əfv və ya amnistiyaya dövlət özü qərar verir. Məhz bu əsasla 2004-cü ildə Konstitusiya Məhkəməsi Roma Sənədini konstitusiyamıza zidd olaraq tanıyıb. Əfv və ya amnistiya ilə bağlı yuxarıda qeyd olunan müddəalar hazırkı Konstitusiyada da təsbit olunub. Lakin Roma Statutunun artıq əsas qanuna uyğun olduğu tanınsa, o zaman cinayət mühakiməsi baxımından ciddi problemlər yaşayacağıq. Bu beynəlxalq hüquqi sənəd Ermənistanın suverenliyinin məhdudlaşdırılmasını nəzərdə tutur. Çünki parlamentimizin və prezidentimizin funksiyaları çərçivəsində olan əfv və ya amnistiyaya aktları artıq Roma Statutu ilə məhdudlaşdırılacaq”, – o bildirib.

Qriqoryan qeyd edib ki, bir çox ölkə Roma Sənədini ratifikasiya etməkdən çəkinir:

“Çünki Beynəlxalq Cinayət Məhkəməsi problemlər yarada bilər. Məsələn, düşünün ki, Azərbaycan Roma Statutu çərçivəsində Avropa Məhkəməsində Beynəlxalq Cinayət hüququ ilə qadağan olunmuş əməllə bağlı məsələ qaldırır və hansısa cəzanın verilməsini istəyir. Təsəvvür edirsinizmi, Ermənistanda nə qədər insan beynəlxalq axtarışa verilə və Roma Statutuna əsasən cinayət təqibinə məruz qala bilər?”.

Qeyd edək ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının ölkənin Əsas Qanununa uyğun olduğu barədə qərar verib.

17 martda isə Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Teqlər: