Saxta vaksin sertifikatı alanlar ciddi təhlükə mənbəyidir – Nazirlikdən xəbərdarlıq

Xəbər - Çingiz Səfərli – Trend:

Saxta vaksin sertifikatı alanlar hər birimizin sağlamlığı üçün ciddi təhlükə yaradır.

AzerTimes xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.

O bildirib ki, Azərbaycan vaksinasiyanın tətbiqinə başlayan ilk ölkələr sırasındadır. Dövlət vətəndaşların sağlamlığını qorumaq üçün vaksinlərin alınmasına külli miqdarda vəsait xərcləyir. Amma təəssüf ki, son vaxtlar saxta peyvənd sertifikatının verilməsi faktları da artıb:

“Bu isə yoluxma hallarının artmasına, bununla yanaşı dövlətin bu sahəyə ayırdığı pulların havaya sovrulmasına səbəb olur. Digər tərəfdən, peyvənd əleyhinə elmi əsası və sübutu olmayan fikirlərin yayılmasına gətirib çıxarır”.

P.Abubəkirov bildirib ki, müxtəlif vaksin istehsalçılarından kifayət qədər vaksin preparatları alınaraq ölkədə vaksin ehtiyatı yaradılıb:


“Vətəndaşların seçim imkanı var. Saxta peyvənd sertifikatı verənlər isə pandemiya ilə mübarizədə görülən işlərə zərbə vurur. Saxta sertifikat alandan sonra virusa yoluxanlar, o cümlədən vəziyyəti ağırlaşanlar statistikada “peyvənd olunmuş” kimi qeyd edilirlər. Bu da insanlar arasında peyvəndə qarşı inamsızlıq yaradır. Halbuki, peyvənd yoluxmanı və yoluxarkən ağırlaşmanı çox azaldır. Hüquq-mühafizə orqanları saxta peyvənd sertifikatı satanlara qarşı sərt tədbirlər həyata keçirirlər və bu barədə ictimaiyyət mütəmadi məlumatlandırılır. Vətəndaşlar da belə hallarla rastlaşdıqda bu barədə müvafiq dövlət qurumlarına məlumat verməlidirlər. Bu saxtakarlıq bizim hər birimizin sağlamlığı üçün təhlükə yaradır”

Şöbə müdiri qeyd edib ki, saxta sertifikat alanlar da satan tibb işçiləri qədər məsuliyyət daşıyırlar, çünki cəmiyyətə qarşı təhlükə törədirlər, insanların inamını azaldırlar:

“Buna görə də təkcə saxta sertifikat verən tibb işçiləri deyil, alan vətəndaşlar da cəzadan kənarda qalmamalıdırlar. Üstəlik, həmin insanlar KİV vasitəsi ilə də cəmiyyətə tanıdılmalıdır. Hamı bilməlidir ki, nə qədər çox insan peyvənd alsa, xəstəliyə yoluxanların sayı da bir o qədər az olacaq”.

Twitter:@cingizsafarli

Teqlər: