Xəbər - Çingiz Səfərli – Trend:
Sentyabrın 22-dən ibtidai siniflərdə əyani tədris başlasa da, valideynlər hələ də övladlarına iş dəftəri almaqda çətinlik yaşayırlar. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı paylaşımlar edilib. Qeyd olunur ki, iş dəftərləri “Azərpoçt”un şöbələrində satılırdı, lakin hazırda əksər poçt şöbələrində bu dərs vəsaitini tapmaq mümkün deyil.
Bununla bağlı Təhsil İnstitutundan Trend-ə açıqlama verilib. Bildirilib ki, iş dəftərləri ərazi üzrə tələbata uyğun olaraq poçt şöbələrinə paylanılıb, valideynlərin ərazi üzrə poçt şöbələrinə yaxınlaşmaları tövsiyə edilir.
“Azərpoçt” MMC-nin mətbuat xidmətinin rəhbəri Mehman Balabəyov isə AzerTimes-a bildirib ki, “Azərpoçt” MMC ilə Təhsil Texnologiyaları Mərkəzi arasında bağlanan müqaviləyə əsasən Azərbaycan və rus bölmələri üzrə 1-ci və 2-ci siniflər üçün iş dəftərlərinin satışı 131-i Bakıda olmaqla Respublika üzrə bütün poçt şöbələrində həyata keçirilir: “İş dəftərləri tələbata uyğun olaraq gündəlik hər bir poçt şöbəsinə paylanılır və satışı davam etdirilir. Qeyd edək ki, son bir neçə gün ərzində iş dəftərləri ilə bağlı poçt şöbələrinə müraciətlər çoxluq təşkil edir”.
Twitter: @cingizsafarli