Saralidze: Bayrağı yandıran İrəvan çətin vəziyyətdədir

Saralidze: Bayrağı yandıran İrəvan çətin vəziyyətdədir

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının təşkilatçılarından birinin açılış mərasimində Azərbaycan bayrağını yandırması Ermənistan üçün gələcəkdə təkcə idman deyil, ümumiyyətlə beynəlxalq forumlara ev sahibliyi etmək hüququnu almasında problem yaradcaq.

AzerTimes xəbər verir ki, bunu məşhur gürcü əsilli rusiyalı aparıcı Giya Saralidze deyib.

“Cənubi Qafqazda növbəti gərginlik. Düzdür, bu, siyasətçilərin açıqlamaları və ya hərbi əməliyyatlarla deyil, idmanla bağlıdır. İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında təşkilatçılardan biri olduğu ortaya çıxan şəxs Azərbaycan bayrağını zaldan qopıb və onu yandırıb. Baş verənlər iki ölkə arasında onsuz da çətin olan münasibətlərin kəskinləşməsinə səbəb olub. Azərbaycan nümayəndə heyəti yarışlarda iştirakdan imtina edib, beynəlxalq idman təşkilatlarına bu təxribatı pisləmək tələbi ilə müraciət edib”, – o bildirib.

Saralidze qeyd edib ki, Azərbaycan heyətinin İrəvanda keçirilən Avropa çempionatına səfəri iki ölkə arasında münasibətlər baxımından böyük sıçrayış hesab olunurdu:

“Son üç onillikdə Ermənistan və Azərbaycan idmançıları müntəzəm olaraq bir-birlərinin vətənlərində yarışmaqdan imtina ediblər. Məsələn, Ermənistanın bədii gimnastika komandası may ayında Bakıda keçiriləcək Avropa çempionatına getməyəcək. Azərbaycan idmançıları sonuncu dəfə Ermənistanda hələ 2009-cu ildə gənclər arasında cüdo üzrə Avropa çempionatında çıxış ediblər. İdmandan siyasətçilər mütəmadi olaraq münasibətlər qurmaq üçün istifadə edirlər. İdmançılar bu işlərdə, guya, diplomatları qabaqlayır və müəyyən mənada, hətta onları əvəz edirlər. Amma İrəvanda baş verənlər, əksinə, vəziyyəti gərginləşdirməyə və mənfi emosiyaların artmasına bəhanə oldu. Ermənistan özünü çox çətin vəziyyətə salıb. Azərbaycan bayrağının yandırılması pislənilməsə, beynəlxalq birlik bunu qəbul etməyəcək, yox əgər pislənsə, ölkə daxilində problemlər yaranacaq. Bu vəziyyətdə beynəlxalq ictimaiyyətin rəğbətini qazanan Azərbaycan və onun mövqeyidir. Bakı iddia edir ki, onlar idmanın əsl ruhunun ölkələr arasında gərgin münasibətlərin girovuna çevrilməməli olduğuna inandıqları üçün Ermənistanda keçiriləcək çempionatda iştirak etmək qərarına gəliblər.

Avropa Ağır Atletika Federasiyası hadisəni idman dəyərlərinin toxunulmazlığına qəsd adlandırıb, eləcə də Azərbaycanın idmançılarına, məşqçilərinə və rəsmilərinə tam həmrəyliyini, dəstəyini ifadə edib. Federasiya Azərbaycan nümayəndə heyətinin yarışı tərk etmək məcburiyyətində qalmasından təəssüflənir, lakin eyni zamanda bu qərara hörmətlə yanaşdığını bildirir. Aydındır ki, hadisədən sonra İrəvanın təkcə idman deyil, beynəlxalq forumlara ev sahibliyi etmək iddiasında olması çətin olacaq”.

Teqlər: