Sara Xatunun bu xahişini II Mehmet eşitmir…

Sara Xatunun bu xahişini II Mehmet eşitmir…

Bu günə qədər tarix kitablarında hər zaman bu sözə rast gəlirsən: Şərqin ilk diplomat qadını Sara Xatun olub.

Lakin bu möhtəşəm qadın barəsində geniş məlumata rast gəlmək mümkün deyil. Halbuki Türkiyədə Sara xatun barədə kifayət qədər yazılar var.

Osmanlı mənbələrində Gövhərşah Xatun, Avropa və Azərbaycan mənbələrində Sara və yaxud Saray, Sarə Xatun kimi adlanan və Ağqoyunlu hökmdarı Həsən Padşahın (Uzun Həsən – red.) anası kimi tarixdə mühüm rolu olan bir qadındır.

Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını kimi tanınan Sara Xatun haqqında əksər mənbələrdə müsibət fikirlərə rast gəlmək olur. Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, onun xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayıb. O, oğlu Həsən Padşahın ən məsul diplomatik tapşırıqlarını qüsursuz həyata keçirirdi. Elə buna görə həmin dövrdə kiçik Ağqoyunlu dövləti Osmanlı və Qaraqoyunlu kimi iki qüvvətli rəqibi arasında müstəqilliyini saxlaya bilmişdi.

Sara Xatun Bayandur elində 1390-cı və ya 1391-ci ildə dünyaya gəlib. Həsən Padşahın atası Cəlaləddin Əli bəy və anası Sara Xatun Oğuz xaqanlarının nəslindən olmuşlar. Qeyd edim ki, Sara Xatun Həsən Padşahın atası Cəlaləddin bəyin əmisi qızı idi. Sara Xatunun atası Pir Əli bəy idi. Pir Əli bəy Ağqoyunlu dövlətinin banisi Qara Yülük Osmanın qardaşı və ağqoyunlu tayfalar ittifaqını yaradan Qutluq Bəyin nəvəsi idi.

Gənc yaşlarında Sara Xatun bir müddət müasir Türkiyənin Elazığ ərazisində yerləşən Harput şəhərinin hakimi olmuşdur. Sara Xatun burda hakim olan zaman yerli müsəlmanlar üçün böyük və geniş məscid inşa etdirib. Bundan əlavə, bir zaviyəsi vardır və üzərində “Sara Hatun — Valideyi Uzun Hasan” yazılmışdır.

Sonradan oğlunun yanına köçmüşdü və Həsən Padşah xüsusilə xarici siyasətlə əlaqədar ən çətin məsələlərin həllini Sara Xatuna etibar edirdi.

Sara Xatunun sarayda seçilmiş alimlərdən ibarət komandası var idi. Bu, onun elmə və təhsilə böyük əhəmiyyət verdiyini göstərirdi. Eyni zamanda bütün diplomatik görüşlərdən öncə alimlərdən məsləhət alırdı.

Tarixçi Əkbər Nəcəf yazır ki, Sara Xatun sarayda və rəsmi qəbullarda türk dilində danışırdı. Türk dilinin və ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş, şairləri, ədibləri və elm xadimlərini himayə etmişdi.

Əbu Səidlə sülh danışıqları üçün göndərilən elçilərə də Sara Xatun başçılıq etmişdir. Lakin bu missiya uğursuzluqla nəticələnmişdi.

Sara Xatun Misirə də getmiş, Ağqoyunlularla ittifaq bağlanmasına nail olmuşdur.

Türkiyə Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji mövqeyə malik Qaraman əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı imperatoru II Mehmetlə danışıqlar aparmaq üçün Sara Xatun göndərilmişdi. Sara Xatun Osmanlı imperatoru II Mehmetlə bağladığı Yassıçəmən müqaviləsi Ağqoyunluların dövlət müstəqilliyinin saxlanmasında böyük əhəmiyyətə malik idi. Sara Xatun yol boyu sultanı Trabzonu fəth etmək fikrindən çəkindirməyə çalışdı. Diplomatik danışıqlar zamanı Sara Xatun və Sultan arasında belə dialoq olub:

– Ay oğul, Trabzona bu qədər zəhmət niyə çəkirsən? Osmanlı ordusu hündür dağlardan, sıldırım yamaclardan, meşələrdən çətinliklə keçə bilir. Sən buranı gəlinimə bağışla və geri qayıt!

Ona cavab olaraq Sultan deyir:

– Ay ana, bu zəhmət din yolundadır. Çünki əlimizdə İslamın qılıncı var. Bu əziyyəti çəkməsək, bizə qazi demək yalan olar.

Lakin onun səyləri heç bir nəticə vermədi. II Mehmet üçün diplomatik danışıqların heç bir əhəmiyyəti yox idi və o yürüşə çıxıb Trabzonu ələ keçirmək niyyətində idi və qısa zamana bu şəhər onun nəzarəti altına keçdi. Bunu eşidən Sara Xatun öz gəlininin – Dəspinə Xatunun (Şah İsmayılın nənəsi – red.) Trabzonun taxtına varislik hüququnu irəli sürdü. Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin başında geri qayıtdı.

Ağqoyunlu dövləti ilə kəskinləşən münasibətləri yumşaltmaq üçün II Mehmet Sara Xatuna xoş rəftar göstərmiş, onu çoxlu hədiyyələrlə geri yola salmışdı.

Venesiya respublikasının senatı onun Ağqoyunlu sarayındakı nüfuzunu nəzərə alaraq bura göndərilən diplomatlarına tapşırırdı ki, Sara Xatuna ehtiram göstərsinlər, müxtəlif hədiyyələr versinlər, məqsədlərinə nail olmaq üçün ondan geniş istifadə etsinlər. Venesiyadan Azərbaycana göndərilən, demək olar ki, bütün diplomatik sənədlərdə Sara Xatunun adı çəkilir, ondan bəhs olunur. Azərbaycana göndərilən Avropa elçilərinə verilən məxfi məlumatlarda mütləq birinci Sara Xatunla görüşmək tapşırılırdı.

Sara Xatun təkcə diplomatiya ilə məşğul olmurdu, bu günə gəlib çatmış bəzi memarlıq abidələrinin, tikililərin yaradılmasında da yaxından iştirak etmişdir. Qaynaqlara görə, Sara Xatun sarayında ona xidmət edənlərə xoş rəftar göstərmiş, xeyriyyə işləri ilə də məşğul olmuşdur. Sarayda hamının “Ana Xatun” deyə çağırdıqları Sara Xatun 75 yaşına qədər dövlət işlərində mühüm rol oynayıb və türk tarixçisi Faruk Sümərə görə, 1465-ci ildə Diyarbəkirdə rəhmətə gedib.

Teqlər: