Salyanda sahələrin suvarılması mütəşəkkil aparılır, 66 nasos
stansiya işlək vəziyyətdədir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AzerTimes-a bildirib ki,
Salyan rayonunda aparılan meliorativ tədbirlər hər il əkin
sahələrindən bol məhsul əldə edilməsinə səbəb olur. Rayonda
fəaliyyət göstərən su istifadəçilərinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılması üçün Salyan Suvarma Sistemləri
İdarəsi tərəfindən bir sıra tədbirlər görülür. Suvarma mövsümü
öncəsi kanallarda lildən təmizləmə işləri aparılır, hidrotexniki
qurğular və nasos stansiyalar təmir olunur. Buna misal olaraq idarə
ötən il Yeni Muğan nasos stansiyasında Kür çayınının müvafiq
səviyyəsinə uyğun əlavə bir ədəd nasos komplektinin quraşdırılması
işlərini tamamlayaraq istismara verib. Su itkisinin qarşısını almaq
məqsədilə torpaq məcralı suvarma kanalı 500 metr məsafədə, Akuşa-2
nasos stansiyasında isə su aparıcı kanal və su başlığı əsaslı təmir
olunaraq 80 metr məsafədə beton üzlüyə alınıb.15 ədəd elektrik
mühərriki əsaslı təmir olunaraq nasos stansiyalarda
quraşdırılıb.
2022-ci ilin suvarma mövsümünə hazırlıq məqsədilə Salyan Suvarma
Sistemləri İdarəsi uzunluğu 16 km olan və 3240 ha əkin sahələrinə
xidmət göstərən suvarma kanalından 10 km məsafədə lildən təmizlənmə
işləri aparıb. Həmin kanal üzərindəki 85 ədəd hidrotexniki qurğular
əsaslı təmir olunub. İdarə üzrə ötən il ərzində 650 km suvarma
kanallarında lildən təmizlənmə işləri yekunlaşıb, 85 ədəd
hidrotexniki qurğu, 9 ədəd hidropost, 72 ədəd nasos aqreqatı, 15
ədəd elektrik mühərriki cari təmir olunub. Hazırda idarənin
balansında olan torpaq məcralı kanalları bir-neçə istiqamətdə
texnikalar vasitəsilə lildən təmizlənir.
Qeyd edək ki, Salyan Suvarma Sistemləri İdarəsi Salyan rayonunda
45897 ha əkin sahəsinə xidmət edir. İdarənin balansında 1182 km
uzunluğunda suvarma kanalı mövcuddur. Suvarılmanın mütəşəkkil
aparılması üçün 66 ədəd nasos stansiyadan istifadə edilir. Bundan
54 ədədi stasionar, 10 ədədi üzən, 2 ədədi isə səyyaridir.