Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib (FOTO)

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf
siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin
qalibləri ilə görüş keçirib.

Trend xəbər verir ki, görüşdə Prezident Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri
Fərəh Əliyeva, Gənclər və İdman nazirinin müavini, “Yüksəliş”
müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak
edib.

İlk öncə qaliblərlə tanış olan Şahmar Mövsümov daha sonra
qaliblərə əsas milli inkişaf prioritetlərindən bəhs edib. Bu
prioritetlərin içində insan kapitalının inkişaf etdirilməsi
dövlətin xüsusi marağında olduğunu qeyd edən Prezident köməkçisi,
“Yüksəliş” müsabiqəsinin bu istiqamətdə xüsusi əhəmiyyət kəsb
etdiyini əlavə edib. Daha sonra Şahmar Mövsümov qeyri-neft
sahəsinin inkişafı, iqtisadi və informasiya texnologiyaları
sahələrinin inkişafı ilə bağlı qaliblərin təkliflərini qəbul edib,
və suallarını cavablandırıb.
Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qaliblərinə şəxsi
idarəçilik təcrübəsi əsasında tövsiyələrini də verib. Kommunikasiya
bacarıqlarının doğru istifadə edilməsi üçün dürüstlüyün ən vacib
amil olduğunu qeyd edən Prezident Administrasiyasının şöbə müdiri
qaliblərə stereotiplərdən qaçaraq, daim araşdırmağın vacib bacarıq
olduğunu bildirib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor,
multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş”
müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva Şahmar
Mövsümova iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə
görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.

Teqlər: