Şahın son vəsiyyəti: Bunları əmanət edib…

Şahın son vəsiyyəti: Bunları əmanət edib…

17 iyul 1487-ci ildə Səfəvi ordeninin davamçısı sayılan, xanədanlığın varisi Şeyx Heydərin sayca dördüncü oğlu (birinci oğulları Musa idi və 6 aylığında rəhmətə getmişdi) anadan olur. Ailə onun adını Musa qoymaq istəsə də, Xanədan buna izn vermir və məsləhət görürlər ki, adı İsmayıl olsun. İsmayıl Allaha qurban edilən isim kimi qəbul edilirdi və Şeyx Heydər Xanədan ağsaqqallarının sözünə baxır, İsmayıl Şeyx Heydər oğlu adı verilir ona.

Onun anadan olmasından bir neçə gün sonra Hüseyn Lələ Şahın atabəyi və müəllimi olaraq seçilir. O, körpə İsmayıla yaxınlaşır və and içir:

“Mən Xaqan oğlu Xaqanı tərbiyəmə götürüb onu türk qanunları, törəyə uyğun hazırlayacağıma and içirəm. Onun əxlaqlı, soyuna sadiq və layiqli hokmran olmasına çalışacağıma and içirəm. Dədələrimizdən bizə miras qalan sirləri öyrədəcəyimə və ona sadiq olacağıma and içirəm. Əgər andımdan dönsəm, qılıncıma doğranım, oxuma sancılım, yer və göy qəbul etməsin ruhumu və cəsədimi”.

Andı qəbul edən isə “Günəş və Aslan” təşkilatı idi. Oğuz türklərinin, yəni Azərbaycanda yaşayan Oğuz türklərinin gizli “Günəş və Aslan” mühafizə təşkilatın əsas işi hökmdar yetişdirmək, onların türk kimliyini və Azərbaycanda dövlətçilik ənənələrini qorumaq idi.

Təşkilat Böyük Türk İmparatorluğunun qurucusu olan Oğuz xaqan tərəfindən e.ə. 209-cu ildə qurulub. Buna görə təşkilatın tarixi 2.200 il olaraq göstərilir. İlk qurulan təşkilat türk törəsi olan “ədalət, nizam, əxlaq və millətə xidmət” dörd prinsipi üzərində dayanırdı.

Məhz onların əmri ilə Şahın vəkili vəzifəsini Hüseyn bəy Lələdən sonra Nəcməddin Məsud Gilani, Yar Əhməd Əbdülbaği Yəzdi, Mirzəşah Hüseyn İsfahani və Xacə Cəlaləddin Məhəmməd Təbrizi tutmuşdu.

İsmayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə, daha sonra Rəştdə gizlədir “Günəş və Aslan” təşkilatı. Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Hüseyn Lələ tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir.

Şah İsmayıl Xətai doğulan gündən “Günəş və Aslan” təşkilatının idarəçiləri olan ağsaqqalların, qaynaqlarda qeyd edildiyi kimi, “Gün görənlərin” himayəsi altında olub. Onun dünyaya gəlişi də, İstanbulun geri alınması qədim kitablarda yazılıb.

Şah İsmayıl fövqəl fiziki gücə və zəkaya sahib bir şəxs idi. Onun anadan olmasından sonra “Gün görənlər” dərhal onu himayəyə götürüb hazırlayır, həyatı Lələnin təlimi və tərbiyəsi ilə davam etdirir. Səfəvilər dövləti onu quran və inkişaf etdirən türk tayfalarının şərəfinə “Qızılbaş ölkəsi”, “Qızılbaş dövləti”, Səfəvi hökmdarı isə “Qızılbaş padşahı” deyə qeyd olunur.

Şah İsmayıl Azərbaycan türkcəsini Hindistandan Bağdada qədər yaydı. Dövlət dilini türk dili elədi. Üstəlik türk dilində əsərlər yaradaraq bu gün də əsl türk sənəti olan qədim ozanlığın inkişafına təkan verdi. Onun şeir yazmağı ilə yanaşı, gözəl səsinin olması da deyilir. Özü sazda ifa edib oxuyurdu.

Şah İsmayılın dövləti – Səfəvilər – tarixdə qurulan ən türkçü dövlətlərdən biri idi. Hətta Səfəvilər dövlətinə Turanı diriltməyə çalışan Əfrasiyab nəsli deyilirdi. Şah İsmayıl öz əsərlərini türkcə yazıb və əsərlərində türkü mələyə bənzədib. O dövrdə digər türk dövlətləri artıq türklüklərini itirirdi. Şah İsmayılın zamanında Azərbaycanın bütün ticarəti yalnız türklərin əlində idi. Şah İsmayılın çox gənc olmasına baxmayaraq, onun sərkərdə istedadı, döyüşçü cəsarəti və hökmdar zəkası Şərqdə və Qərbdə hökmdarları, o dövrün görkəmli adamlarını həmişə heyran etmişdir və bu gün də heyran edir. Şah İsmayıl Səfəvinin dövlətin siyasi-hüquqi quruluşuna baxışları onun uşaqlıq illərindən, Qızılbaşlar hərəkatının başçısı kimi fəaliyyətə hazırlandığı və bu ruhda tərbiyə edildiyi dövrdən formalaşmışdır. Onun şəxsi və siyasi keyfiyyətlərinin formalaşması üçün Səfəvi əmirləri və digər türk tayfalarının başçıları da səy göstərmişdir, lakin bu keyfiyyətlər əsasən çoxsaylı daxili siyasi amillərin təsiri altında yaranmışdır.

Şah İsmayılın xalqın və dövlətin həyatının bütün tərəflərini əhatə edən fəaliyyəti xalqın öz köklərini dərk etməsinə, dayanıqlı etnik kodun və mədəni identikliyin formalaşmasına kömək edirdi.

Şah İsmayıl fenomenal şəxs idi. Yaxşı sərkərdə, idarəçi, mədəniyyəti sevən, şəhər salmağa meyilli və qeyri-adi fiziki gücə sahib idi. Məhz ona görə də hər bir onu sevən bu sözləri deyirdi: “Qurban olduğum, sadağa olduğum, Pirim, Mürşüdüm”.

Şah İsmayıla ”Türki-tacidar” deyə xitab edirdilər.

Azərbaycan hökmdarı heç vaxt məğlub etdiyi qoşunun arxasınca gedib onları təqib etməz və onların salamatlıqla qaçıb qurtulmalarına imkan yaradardı. “Aman vermək imandandır” – deyən Şah İsmayıl təslim olanları bağışlayır, hətta onları öz ordusuna qəbul edirdi. Şah İsmayıl hərbi əməliyyatlar aparılan ərazilərdə dinc əhalinin zərər çəkməsinə heç zaman imkan verməzdi.

Qızılbaşlara etdiyi son vəsiyyətində onları dövlətçiliyi qorumaq naminə birliyə çağırmışdı. O, vəsiyyətində deyirdi: “Sufi olmağın yolu və üsulu odur ki, nifaqdan əl çəkib, ittifaq edəsiniz ki, düşmən dörd tərəfdən üzərinizə hərəkət edə bilməsin. Nə qədər ki sizin aranızda ittifaq vardır, heç bir padşahın qızılbaşlarla vuruşmağa qüdrəti çatmaz. Çox çalışdım. Artıq kamala dolmuşdum. Çox əlləşdim – “müharibə olmasın” dedim, alınmadı. Budur, Çaldıran döyüşündən on il keçib. Hələ bir dəfə üzüm gülməyib, dodaqlarımda təbəssüm olmayıb… Ömrün son günlərini yaşayıram… Sizin üçün bu az ömrümdə əlimdən gələni eylədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahirətdən üstün bildim. Hər ikisini Vətənimizin və dilimizin əbədiyyəti üçün etdim. Nə bacardımsa, onu eylədim. Yaxşı nə başladımsa – onu göyərdin! Səhvlərimi təkrar etməyin! Sizə vəsiyyətim budur!.. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, Vətənimiz – can sizin, can onlar əmanəti!”

Qaynaqlar iddia edir ki, son nəfəsində Şah oğlu Təhmasibə “Gözümün nuru, çıx bayıra, mən getməliyəm” deyib.

Dünyasını dəyişəndə Şah İsmayılın 37 yaşı var idi. Bu ömrünün 24 ilini o, Səfəvi dövlətinin şahı olmuşdu.

“Rövzətüs Səfəviyyə” əsərinin məlumatına görə, Şah İsmayılın dünyasını dəyişməsi insanları və bütün səltənət əyanlarını üzüntülü bir dərdə bürüdü, ümumi bir çarəsizlik və hərəkətsizlik hamıya sirayət etdi. Lakin səltənətin tanınmış əyanlarından olan Div sultan Rumlu, Köpək sultan Ustaclı və digərləri baş vermiş bu itki ilə barışmağa və Şah İsmayılın dəfn edilməsinin qaçılmaz olduğunu insanlara anlatmağa çalışdılar. Bundan sonra Şah İsmayılın dəfn mərasiminə başlandı. Şah İsmayılın dəfn mərasiminə Astrabaddan olan dini işlər sədri Əmir Camaləddin Məhəmməd rəhbərlik edirdi. Ölkənin ən nüfuzlu, ən hörmətli din xadimləri, dövlətin əmirləri, əyanları, sufi xəlifələri və müridləri bu mərasimdə iştirak edirdilər. Əmir Camaləddinin rəhbərliyi altında Şah İsmayılın nəşi yuyulub kəfənə büründü və dəfn namazı qılındı. Sonra da Şah İsmayılın nəşi Əmir Camaləddinin rəhbərliyi, sufilər dəstəsinin və qorçuların müşayiəti ilə Ərdəbilə yola salındı. O, Şeyx Səfi türbəsində ulu əcdadı Şeyx Səfiəddinin qəbri yanında dəfn edildi.

Səfəvi ideyaları qlobal bir ideya idi, lakin bu ideyalar başqaları tərəfdən həm oğurlandı, həm də təhrif edilərək yeni rakursda ortaya gətirildi. Məhz “Gün görənlərin” yetişdirdiyi Şah babam 14 illik hakimiyyəti dövründə 14 əyalət fəth edib və böyük türk coğrafiyasında milli dövlət qura bilib.

Biz sənin varislərinik, ey Pirim Mürşüdüm!

Dünyanın sonuna qədər Xanədanlıq var olacaq və qızılbaşlıq davam edəcək.

Ruhun şad olsun, Şah

Ya Hüüüü!!!

Teqlər: