Sahil Babayev Avropa çempionatında uğurla çıxış etmiş boksçularımızla ilə görüşüb (FOTO)

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev
Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular
arasında Avropa çempionatında uğurla çıxış etmiş milli komanda ilə
görüşüb.

Federasiyanın mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki,
görüşdə S.Babayev Avropa çempionu Nicat Hüseynov (51 kq), qitə
birinciliyinin gümüş medalçısı Ruslan Qədirov (54 kq), bürünc
mükafatçılar Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərovu (67 kq)
nailiyyətləri münasibəti ilə təbrik edərək onlara uğurlar
arzulayıb.

Sahil Babayev bildirib ki, 1 qızıl, 1 gümüş və 2 bürünc medal
qazanaraq 10 ildən sonra Azərbaycan rekordunu təkrarlamaq və Avropa
çempionatında təmsil olunduğumuz 7 çəki dərəcəsində 4 medal
qazanmaq yüksək nəticədir. ABF prezidenti vurğulayıb ki, yığmamız
U-22-lərin yarışında standart müəyyənləşdirib. Növbəti yarışlarda
da komanda üzvlərinin ən azı yarısının medalla Vətənə dönməsi üçün
gözəl ənənənin təməli qoyulub.

Federasiya prezidenti görüləcək bütün tədbirlərin ana xəttində
məhz 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının
dayandığını bildirib. O, Olimpiadada da boksçularımızın qızıl medal
qazanmaqla idman tariximizdə yeni səhifə açacağına inam ifadə edib.
S.Babayev, həmçinin Poreçdə çıxış etmiş idmançıların fiziki və
mənəvi-psixoloji hazırlıq səviyyəsi ilə maraqlanıb.

Federasiyanın idarə heyətinin üzvü, Xorvatiyadakı Avropa
çempionatına rəhbərlik edən Rövşən Hüseynov boksa göstərilən dövlət
qayğısı sayəsində gələcəyin komandasının formalaşdığını və bu
boksçuların bir neçə il ölkəmizi beynəlxalq arenada layiqli təmsil
edəcəklərini bildirib. Yığmanın böyük məşqçisi Nəriman Abdullayev
isə daha uğurlu çıxış üçün məşqlərdə intensivliyi artırıb, səhvləri
aradan qaldırmağa çalışacaqlarını deyib.

Avropa çempionu Nicat Hüseynov bu titulla kifayətlənməyəcəyini
və növbəti yarışlarda da məqsədinin ancaq Azərbaycan himnini
səsləndirmək olacağını söyləyib. Digər mükafatçılar və boksçular da
əsas hədəflərinin Avropa, dünya çempionatları və Olimpiadada inamlı
çıxış olduğunu qeyd ediblər.

Görüşdə iştirak edən ABF-nin idarə heyətinin üzvləri və baş
katibi komandamızın Avropa çempionatındakı çıxışını uğurlu hesab
ediblər. Federasiya prezidenti onlara növbəti təlim-məşq
toplanışları və yarışlara hazırlıqla bağlı tapşırıqlarını
verib.

Teqlər: