Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “ASAN Radio”nun birgə əməkdaşlığı çərçivəsində sahibkarlar üçün yeni maarifləndirici layihəyə start verilir.
KOBİA-dan AzerTimes-a verilən məlumata görə, dekabrın 1-dən etibarən “ASAN Radio”da sahibkarlar üçün “KOB dostu” proqramı yayımlanacaq. Verilişin məqsədi cəmiyyətdə biznes savadlılığının artırılmasına, mövcud biznes imkanları və dəstək mexanizmləri barədə sahibkarların məlumatlandırılmasına dəstək göstərməkdir.
“KOB dostu” verilişində ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, dəstək mexanizmləri, bu sahədəki yeniliklər, həyata keçirilən layihələr və işgüzar dairələri maraqlandıran digər məsələlər müzakirə olunacaq. Sahibkarlara dəstək və xidmət göstərən müvafiq dövlət qurumlarının nümayəndələri və peşəkar mütəxəssislər verilişdə iş adamlarını maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat verəcəklər. Həmçinin, “KOB dostu” verilişində müxtəlif sahələrdə fəaliyyət göstərən biznes nümayəndələri təcrübələrini bölüşəcək, mövzu ilə bağlı sahibkarlardan daxil olan suallar canlı efirdə mütəxəssislər tərəfindən cavablandırılacaqdır.
Verilişi hər həftənin çərşənbə günü, saat 19.05-də “ASAN Radio”nun efirində dinləmək, həmçinin radionun və KOBİA-nın “Facebook” səhifəsində canlı izləmək olar.