BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb

Xəbər - Orxan Nəbiyev – Trend:

2021-ci ilin yekunlarına görə, dünyada turizm sektorunun gəlirləri pandemiyadan əvvəlki göstəricilərlə müqayisədə 1 trilyon dollar azala bilər.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı bildirib.

Təşkilatın hesablamalarına əsasən, bu ilin yekununda beynəlxalq turizmdən gəlirlər 700-800 milyard dollar təşkil edə bilər. Bu, 2020-ci illə müqayisədə bir qədər yüksək olsa da, 2019-cu ildə qeydə alınmış 1,7 trilyon dolların yarısından azını təşkil edəcək.

Eyni zamanda 2021-ci il üzrə turizmin iqtisadi töhfəsi 1,9 trilyon dollar həcmində qiymətləndirilir. 2019-cu ildə bu göstərici 3,5 trilyon dollara bərabər idi.

Ümumilikdə, digər ölkələrə səfər edən turistlərin sayının 2019-cu illə müqayisədə 70-75 faiz az olacağı gözlənilir.