Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb (FOTO)

Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə
səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop
ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, Sahibə Qafarova qonağı səmimi salamlayaraq,
Azərbaycanla Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olmasından
məmnunluğunu ifadə edib. Parlamentin sədri bu günlərdə Azərbaycan
Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində
Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakını
xatırlayaraq, iki qardaş ölkənin liderlərinin növbəti dəfə bir
araya gəlməsini yüksək dəyərləndirib. Qeyd edib ki, iki ölkə
arasındakı münasibətlər günbəgün inkişaf etməkdədir. Hər iki
ölkənin əldə etdiyi uğurlar ölkələrimizin beynəlxalq miqyasda
nüfuzunun daha da artmasına xidmət edir.

Spiker Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə
nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib və konfransda
müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıb.

Milli Məclisin sədri konfransa hazırlıq işləri barədə danışaraq,
tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə keçirdiyi
görüşlərdən bəhs edib. Qeyd edib ki, konfransda təşkilata sədrlik
Pakistandan Azərbaycana keçəcəkdir. Azərbaycan təşkilatın sədri
kimi qurumun nüfuzunun daha da artması, təşkilata üzv ölkələr
arasında əlaqələrin daha da dərinləşməsi üçün üzərinə düşən
vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün səylərini
əsirgəməyəcək.

Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata
keçirilən böyük bərpa və quruculuq işləri haqqında məlumat verərək,
qeyd edib ki, çox qısa müddətdə həmin ərazilərdə nəhəng
infrastruktur layihələri reallaşdırılıb, yeni yollar salınıb,
yüksək standartlara cavab verən Füzuli Hava Limanı istifadəyə
verilib. Həyata keçirilən quruculuq işlərində qardaş Türkiyə
şirkətləri yaxından iştirak edirlər. Spiker Türkiyənin Azərbaycana
hər zaman göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

Səmimi görüş üçün təşəkkür edən Türkiyə Böyük Millət Məclisinin
sədri Mustafa Şentop ölkəmizə növbəti dəfə səfərindən məmnunluğunu
ifadə edib. Qeyd edib ki, səfərdən məqsəd İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında
iştirak etmək və burada müzakirə olunacaq məsələlərə fəal şəkildə
qatılmaqdır.

Bununla yanaşı, konfransda müzakirə olunacaq məsələlərin quruma
üzv dövlətlər üçün əhəmiyyətindən bəhs edən Mustafa Şentop burada
keçiriləcək görüşlərin də əlaqələrin dərinləşməsi baxımından
əhəmiyyətli olacağını bildirib.

Qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da
dərinləşməsi, deputatların mütəmadi görüşləri qurum qarşısında
duran vəzifələrin həlli, o cümlədən qanunverici orqanlar arasında
ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir.

Mustafa Şentop Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə
son səfərini xatırladaraq, deyib ki, Türkiyə-Azərbaycan
münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir və bu
münasibətlər həqiqətən “bir millət iki dövlət” xarakteri
daşıyır.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

Teqlər: