Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana rəsmi səfəri
çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyev ilə
görüşüb.
Milli Məclisdən AzerTimes-a
verilən məlumata görə, görüşdə ölkələrimiz arasında mövcud olan
yüksək səviyyəli münasibətlərin təməlində ortaq tarixi köklərin,
dil, din, mədəniyyət, adət-ənənə və dəyərlərin dayandığı
vurğulanıb. Prezident Şavkat Mirziyoyev qeyd edib ki,
münasibətlərimiz dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha
da inkişaf edib. Son illərdə isə Azərbaycan və Özbəkistan arasında
ikitərəfli əməkdaşlığın inkişafında daha geniş uğurlar əldə olunub.
O, bildirib ki, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə
olmasında dövlət başçılarımız arasında münasibətlərin mühüm rolu
vardır.
Qeyd olunub ki, pandemiya ilə əlaqədar qlobal iqtisadiyyatda
mövcud vəziyyətə baxmayaraq, Azərbaycan və Özbəkistan arasında
ikitərəfli təmaslarda müsbət dinamika qorunub. Qarşılıqlı
fəaliyyətin bütün sahələrində – iqtisadiyyatda, siyasətdə,
mədəniyyətdə və sosial sahələrdə nəzərəçarpan irəliləyiş əldə
olunub.
Bütün səviyyələrdə intensiv təmaslar qurulur, rəsmi nümayəndə
heyətləri, işgüzar və ictimai dairələrin nümayəndələri arasında
fikir mübadiləsi aparılır. Son illərdə pandemiyaya baxmayaraq,
ticarət dörd dəfə artıb. İlin əvvəlindən ticarət dövriyyəsinin 25
faiz artması münasibətlərimizin müsbət xarakteristikasını
göstərir.
Özbəkistan Prezidenti ikitərəfli münasibətlərin inkişafında
qanunvericilik orqanlarının müsbət rolunu qeyd edərək, deyib ki,
Özbəkistan və Azərbaycan parlamentləri arasında sıx və çoxşaxəli
tərəfdaşlıq mövcuddur. Qarşılıqlı fəaliyyəti daha da inkişaf
etdirmək üçün iki ölkənin qanunverici orqanları arasında sistemli
və müntəzəm əməkdaşlığı daha da gücləndirmək lazımdır. Eyni
zamanda, parlamentarilər xalqların bilavasitə nümayəndələri kimi
“xalq diplomatiyasının” təşviqində, o cümlədən Özbəkistan və
Azərbaycanın regionları arasında əlaqələrin möhkəmləndirilməsində,
iqtisadi və humanitar layihələrin dəstəklənməsində əsas rol
oynamalıdırlar. Şavkat Mirziyoyev bu mənada Azərbaycan Milli
Məclisi sədrinin səfərinin əhəmiyyətini və aparılan danışıqları
yüksək qiymətləndirib.
Milli Məclisin sədri Sahibə Qafarova səmimi qəbula görə
Özbəkistan Prezidentinə minnətdarlığını bildirib, Azərbaycan
Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını
çatdırıb.
O, deyib ki, Azərbaycan və Özbəkistan arasında dərin tarixi
köklərə əsaslanan əlaqələr iki xalqın rifahı naminə möhkəmlənməkdə
və inkişaf etməkdə davam edir. Spiker qeyd edib ki, Azərbaycan və
Özbəkistan dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər
çox dinamik, səmərəli və qarşılıqlı faydalı münasibətlərin
inkişafında mühüm rol oynayır.
Parlamentlərimiz arasında əlaqələr haqqında məlumat verən Milli
Məclisin sədri vurğulayıb ki, ikitərəfli münasibətlərimiz
qanunverici orqanlar səviyyəsində də inkişaf edir. Hər iki ölkənin
qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir və
deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament
təşkilatlarında uğurlu əməkdaşlığı ikitərəfli əlaqələrin inkişafına
töhfə verir.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın dövlət
başçısına Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində
əldə etdiyi Zəfər, regionda yaranmış yeni şərait və imkanlar barədə
ətraflı məlumat verib. Bildirib ki, 2020-ci ildə Azərbaycan Ordusu
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan
tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızı
azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib, BMT
Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücünə təmin
edib. Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyini deyən Milli
Məclisin sədri xatırladıb ki, Ermənistan işğal dövründə şəhər və
rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi, mədəni
abidələri, məscidləri dağıdıb və talan edib. Hazırda Azərbaycan
azad edilmiş ərazilərində sürətli bərpa-quruculuq işləri həyata
keçirir.
Milli Məclisin sədri dost Özbəkistanın hər zaman Azərbaycanın
suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını
dəstəklədiyini qeyd edib. O, bu mövqeyinə və Füzuli rayonunda
məktəb tikintisi ilə bağlı verdiyi dəstəyə görə, Özbəkistana
minnətdarlığını bildirib.
Prezident Şavkat Mirziyoyev onun da salamını Azərbaycanın dövlət
başçısına çatdırmağı xahiş edib və xoş arzularına görə ona
minnətdarlığını bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir
mübadiləsi aparılıb.