Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Özbəkistan Respublikasında rəsmi səfərdə olan Milli Məclisin
sədri Sahibə Qafarova aprelin 1-də bu ölkənin Ali Məclisi Senatının
sədri Tənzilə Narbayeva ilə görüşüb.

Milli Məclisdən AzerTimes-a bildirilib ki, Azərbaycan parlament
nümayəndə heyətini səmimiyyətlə salamlayan Senatın sədri Sahibə
Qafarovanın Milli Məclisin sədri kimi bu ölkəyə ilk səfərinin
ölkələrimiz və qanunverici orqanlarımız arasında münasibətlərin
inkişafına töhfə verəcəyinə inandığını bildirib. O, dost
ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini qeyd
edərək, deyib ki, Azərbaycanla Özbəkistan bir çox sahələrdə uğurla
əməkdaşlıq edir.

Tənzilə Narbayeva ölkələrimiz arasında münasibətlərin dinamik
inkişafında ölkə başçılarının rolunu xüsusi vurğulayaraq,
Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi
böyük nailiyyətlərin dost ölkə olan Özbəkistanda da maraqla
qarşılandığını bildirib. O, həmçinin Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin yüksək diqqətə layiq
olduğunu, Fond tərəfindən həyata keçirilən layihələrin hər kəs
tərəfindən təqdir edildiyini diqqətə çatdırıb.

Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında
parlamentlərin rolunu vurğulayan Tənzilə Narbayeva Milli Məclisin
sədri ilə bundan öncəki görüşlərini məmnunluqla xatırlayıb. O,
deyib ki, qanunverici orqanlarımız arasında sıx təmaslar mövcuddur.
Bu isə münasibətlərin daha da dərinləşməsinə şərait yaradır.

Göstərilən yüksək qonaqpərvərliyə və ölkəmizin ünvanına söylənən
xoş sözlərə görə, minnətdarlığını bildirən Milli Məclisin sədri
Azərbaycan və Özbəkistanın dost ölkələr olduğunu bildirib. O,
xalqlarımız arasındakı oxşar dini və mənəvi dəyərlərin, dil
birliyinin dərin tarixi köklərə malik olan əlaqələrimizin daha da
dərinləşməsinə böyük töhfələr verdiyini qeyd edib. Spiker Sahibə
Qafarova Azərbaycan və Özbəkistan arasında münasibətlərin
ölkələrimiz müstəqillik əldə etdikdən sonra keyfiyyətcə yeni
səviyyəyə yüksəldiyini xatırladaraq, əlaqələrin inkişafında dövlət
başçılarının qarşılıqlı səfərlərinin və aparılan danışıqların
əhəmiyyətli rolunu qeyd edib. Onun sözlərinə görə, bu səfərlər və
aparılan danışıqlar dinamik, səmərəli və qarşılıqlı faydalı
münasibətlərin inkişafında mühüm rol oynayır. Yüksək səviyyəli
siyasi dialoq digər sahələrdə də münasibətlərimizin inkişafına
müsbət təsirini göstərib.

Spiker Sahibə Qafarova iqtisadi sahədə əməkdaşlıqda son illərdə
artan dinamikaya nəzər salaraq, bildirib ki, pandemiya ilə əlaqədar
qlobal iqtisadiyyatda mövcud vəziyyətə baxmayaraq, Azərbaycan və
Özbəkistan arasında ikitərəfli ticarət müsbət inkişaf dinamikası
nümayiş etdirib. Azərbaycan və Özbəkistan investisiya sahəsində də
əməkdaşlığın təşviqində müəyyən uğurlar əldə ediblər.

İkitərəfli əlaqələrin dərinləşməsində qanunverici orqanların
özünəməxsus rolunu qeyd edən spiker Sahibə Qafarova deyib ki,
qarşılıqlı təmasların genişləndirilməsi parlamentlərimiz arasında
münasibətlərin inkişafına əsaslı töhfələr verir. O, hər iki ölkənin
qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini
xatırladıb. Qeyd edib ki, parlamentarilərimiz müxtəlif beynəlxalq
təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və bir-birinin
mövqelərini dəstəkləyirlər.

Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən
müharibəsində qazandığı Qələbə və regionda yaranmış yeni reallıq
barədə də məlumat verərək, bildirib ki, Azərbaycan bu qələbə
sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğala son qoyub.
Milli Məclisin sədri xüsusilə qeyd edib ki, münaqişə artıq öz
həllini tapıb və Azərbaycan bunu özü edib. Sahibə Qafarova dost
ölkə olan Özbəkistanin hər zaman artıq keçmişdə qalmış münaqişənin
beynəlxalq hüquq normaları, Azərbaycanın suverenliyi, ərazi
bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında
həllini dəstəklədiyini qeyd edərək, Azərbaycan xalqının bunu yüksək
qiymətləndirdiyini bildirib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan regionda daimi
sülh və sabitliyin təmin olunmasını istəyir. Ölkəmiz hazırda
işğaldan azad etdiyi ərazilərində böyük bərpa və quruculuq işləri
aparır. Spiker Füzuli rayonunda məktəb tikintisi ilə bağlı verdiyi
dəstəyə görə, Özbəkistana minnətdarlığını bildirərək, bunu dost
münasibəti kimi dəyərləndirib.
Qeyd edək ki, görüşdə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri Eldar İbrahimov, qrupun üzvləri Cavanşir
Paşazadə, Ağalar Vəliyev, Anar İsgəndərov və Razi Nurullayev də
iştirak ediblər.

Teqlər: