Sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil mühitinin yaradılması heç də asan proses deyil – Sevil Mikayılova

Sağlamlıq imkanları məhdud şəxslərin inteqrasiya təlimli tədris
müəssislərində təhsil almaları ilə bağlı yeni növ ümumtəhsil
məktəblərinin yaradılması çox müsbət addımdır. Bu kateqoriyadan
olan şəxslərin cəmiyyətə inteqrasiyası və böyüməsi, mümkün
psixoloji baryerlərin qarşısının alınması, eləcə də hərtərəfli
təhsil hüquqlarının təmin olunması baxımından xüsusi əhəmiyyət
daşıyır.

Trend xəbər verir ki, bunu deputat Sevil Mikayılova Milli
Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Mikayılova bildirib ki, bu, təhsil müəssisələrinə
sağlamlığının ağırlığı səbəbindən inklüziv tədris alması mümkün
olmayan sağlamlıq imkanları məhdud olan şəxslər cəlb
olunacaqlar.

Belə çıxır ki, daha məhdud sağlamlıq imkanları olan uşaqlar eyni
məktəblərdə digər şagirdlərlə fərqli siniflərdə birlikdə təhsil
alacaq. Ona görə də qanun layihəsində bu müəssisələrdə onların
sağlamlıq vəziyyətinə uyğun xüsusi şəraitin yaradılması ilə bağlı
müddəa yer alır. Lakin xüsusi nəzarət vacibdir, cavabdeh şəxs
qismində çıxış edəcək tərəfin məsuliyyətlərinin dəqiqləşdirilməsi
düşünürəm ki, mütləqdir. İnteqrasiyalı təhsil mühitinin yaradılması
heç də asan proses deyil. Belə ki, fərqli bir təsnifat olmaqla bu
xüsusi ümumtəhsil məktəbləri inteqrasiyalı təhsili necə təmin
edəcək, hansı kateqoriyada müəyyənləşən sağlamlıq imkanlarının
məhdudiyyətləri şəxsin bu təhsilə cəlb olunması üçün əsas meyardır?
Bunu məktəb və ya səhiyyə qurumu müəyyən edəcək? Son qərar valideyn
tərəfindən və ya aidiyyəti üzrə müvafiq icra qurumu tərəfindən
verilir? Bu suallara aydınlıq gətirilməsinə ehtiyac var. Eyni
zamanda, bu tip məktəblərin yaradılmasının effektiv nəticə verməsi
üçün xüsusi standartların tətbiq olunmasına diqqət yetirmək
lazımdır, təlim prosesində müəllimlərlə yanaşı, psixoloqlar da
işləməlidirlər. Ona görə də, ilkin mərhələdə pilot layihə
formasında fəaliyyət göstərən bir neçə məktəb olsa, yaxşı olar,
artıq təcrübəyə əsaslanaraq müəyyən qərarlar vermək mümkün olacaq.
Bundan əlavə, bölgələrdə şəhər və qəsəbələrə nisbətən əhalinin
seyrək məskunlaşmasını nəzərə alsaq, say baxımından az ola biləcək
bu kateqoriyadan olan şəxslər üçün inteqrasiyalı təhsil
müəssisələrinin necə yaradılması ilə bağlı suallar da yaranır.
Hansı say tərkibi olmalıdır ki, bu cür məktəblər təşkil edilsin”, –
deyə deputat qeyd edib.

S.Mikayılova əlavə edib ki, təqdim olunmuş Qeyddə Ümumtəhsil
haqqında Azərbaycan Respublikası qanununa edilən dəyişikliklərin
əsas məqsədinin sağlamlıq imkanları məhdud şəxslərin təhsilin bütün
pillələrində digər şəxslərlə bərabər səviyyədə təhsil almalarını
təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan
ibarət olduğu bildirilir.

“Ona görə də, təhsilin yuxarı pillələrində inteqrasiyalı
sistemin necə tətbiq olunacağı ilə bağlı məsələ də maraq doğurur.
Gələcəkdə bu qanun layihəsinin qəbulu ilə təhsilin digər
pillələrində (ali, bakalavr, magistr) hansısa dəyişikliklər ola
bilərmi?

Qanun layihəsi sağlamlıq imkanları məhdud şəxslərin
inteqrasiyalı təhsilini təmin etməklə cəmiyyətdə onların
bərabərhüquqlu inkişafını təbii ki, təmin edəcək. Bu səbəbdən,
gələcəyimizin uşaqların və yeniyetmələrin təlim-tərbiyəsindən üzvi
asılılığını nəzərə alaraq bu qanuna daha diqqətli, ən xırda
detalları da nəzərə almaqla yanaşmağımız vacibir”, – deyə deputat
vurğulayıb.

Teqlər: