Şagirdə “sarı-qırmızı” xəbərdarlıq: Futbol oynayırsınız?

Şagirdə “sarı-qırmızı” xəbərdarlıq: Futbol oynayırsınız?

Məktəblərdə nizam-intizam, davranış problemi son 2 ildə ciddi şəkildə artıb. Amma baş verən hadisələrin qarşısını almaq üçün təqdim edilən layihə əsassızdır. Nizam-intizam olmayan məktəblərdə davranış qaydalarına əməl etməyən şagirdlərin bu yollarla təhsilə cəlb edilməsi effektli ola bilməz.

Bu sözləri AzerTimes-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

“Dünya təcrübəsi şagirdləri istənilən formada cəzalandırmaqdan çəkinməyi tələb edir. Hesab edirəm ki, mövcud dəyişiklik şagirdlərdə məktəb və müəllimə qarşı aqressiya yaradacaq. Əgər bu günə qədər 1 şagirdlə mübarizə aparırdılarsa, indi daha çox şagirdə qarşı mübarizə aparmalı olacaqlar.

Orada təklif olunan inzibati cəza növündən biri şagirdlərin məktəbdə saxlanılmasıdır. Siz kimsiniz ki, şagirdi məktəbdə saxlayasınız?! Elə olduğu təqdirdə uşağa kim baxacaq? Kim onların təhlükəsizliyinə zəmanət verəcək? Ümumiyyətlə bu layihəni hazırlayan adamın təhsil qanunvericiliyindən anlayışı yoxdur.

Şagirdlərin bir sinifdən digər sinfə keçməsi qaydası və orta ümumtəhsil məktəblərinin ümumi nizamnaməsi, həmçinin Azərbaycanın qoşulduğu konvensiyalar var. Hazırkı layihə UNİCEF-in uşaq hüquqları konvensiyasına, eyni zamanda da Azərbaycanın digər qanunvericilik aktlarına da ziddir.

Yeni fikirləşdikləri qanunda deyirlər ki, sarı, narıncı və qırmızı xəbərdarlıq olunacaq. Siz futbol oynayırsınız ki? Bu nə deməkdir?! Ümumiyyətlə mən o bəndlərə baxdıqca hansısa ibtidai sinif uşağının yazdığı nağılı oxuduğumu düşündüm.

Məktəblərdə bu hadisələr ona görə baş verir ki, müvafiq şəxslər öz vəzifələrini düzgün yerinə yetirə bilmirlər. Nizam-intizam qaydalarını tam fərqli formada tənzimləmək mümkündür”, – ekspert deyib.

Teqlər: