Sadə bir dildə “Əmək və Məşğulluq” altsistemi nədir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir neçə gün öncə,
daha dəqiq desək 05 may tarixində özünün “Əmək və Məşğulluq”
altsisteminin (ƏMAS) təqdimatını həyata keçirdi. Həm təqdimatda,
həm də bu yazı ilə birlikdə paylaşdığım çarxda bu sistemin bir sıra
vacib funksiyaları haqqında məlumatlar verilib. Lakin, həm sosial
şəbəkələrdəki müzakirələrdəki fikirləri, həm dəyərli oxucu və
jurnalistlərimizin bu sistemin mahiyyəti, əhəmiyyəti haqqında
müxtəlif suallarını bir yerə toplayaraq və həmin suallara bu
sistemin həm də işsiz və işaxtaranları, xalqın müxtəlif
kateqoriyalarından olan şəxslərinə də təsir göstərəcəyini nəzərə
alaraq maksimum sadə dil və üslubla aydınlıq gətirməyə
çalışacağam.

Əsas suallar və müzakirə mövzuları:

“Əmək və Məşğulluq” altsisteminin işəgötürənlər üçün daha hansı
faydaları olacaq?
Bəs sadə xalqa, işsiz və işaxtaranlara nə xeyri var?
Bu sistem hansı dəyişikliklərə səbəb olacaq?
Bu sistem özəl işədüzəltmə sayt və şirkətlərinə necə təsir edəcək?
Onları bazardan sıxışdırıb çıxartmayacaq ki?
“Əmək münasibətləri dəyişir” dedikdə nə nəzərdə tutulur?

Əslində suallar çoxdur. Hələlik bu 5 suala ardıcıl olaraq cavab
verməyə çalışacağam. Cavablardan öncə işsiz və işaxtaranlar
arasındakı fərqi aydınlaşdıraq.

Azərbaycan Respublikasının Məşğulluq Haqqında Qanununun 1.1.6-cı
bəndinə uyğun olaraq, işsiz şəxs – işi və qazancı olmayan, işə
başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək
qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.

Həmin Qanunun 1.1.7-ci bəndinə uyğun olaraq, işaxtaran – müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib
iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq
tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata
alınan şəxsdir.

Daha sadə dillə desək, işsiz heç bir işi və qazancı olmayan
şəxsdir. İşaxtaran isə işləyir, müəyyən qazancı var, lakin özünə
daha yüksək maaşlı, daha münasib, daha yaxşı iş axtaran
şəxsdir.

İndi isə yuxarıdakı suallara cavablara keçək:

İşəgötürənlər üçün əsas faydalarından birinin təqdimatda da qeyd
edildiyi kimi işçi ilə rəsmi münasibətlər, sənədləşmələr kağız
daşıyıcılarından elektron formaya keçməsidir. Ən əsası isə, ölkə
üzrə bütün vakansiyalar vahid bir platformada görünəcək.
Vakansiyaların vahid bir platformaya keçidi həm işsizlər, həm
işaxtaranlar, həm də özəl işədüzəltmə şirkətləri üçün də maraq kəsb
edəcək və vakansiyaların axtarışı daha cəlbedici, daha operativ və
əlçatan olacaq. İşəgötürənlər indiyə qədər müxtəlif səbəblərdən
vakansiyalarının yalnız müəyyən bir hissəsini vakansiya bankına
yerləşdirirdilər. Həmin yerləşdirilən vakansiyaların da bir hissəsi
ya gec yerləşdirilir, ya da məlumatlar natamam olurdu. Yeni
sistemdə isə şirkətin ştat vahidləri, əmək müqavilələri və s.
sistem üzərindən həyata keçirildiyi üçün vakansiyalar sistemdə
avtomatik əks olunacaq. Lakin bunun əvəzində işəgötürənlərə öz
imkanları hesabına işçi tapmağı planlaşdırdıqları vakansiyaların
aktiv və ya passiv etmək imkanı verilir. Bu işəgötürənin haqqıdır.
Lakin, vakansiyaların passiv edilməsi üçün sistem əsaslandırma
tələb edəcək. Bu sistem nəticəsində işəgötürənlərin əmək
prosesləri, inzibatçılıq ilə bağlı bürokratik prosedurları minimuma
enəcək. İnsan resursları inzibatçılıq səviyyəsindən həqiqi kadr
idarəçiliyi və kadrların inkişaf etdirilməsi, onların
peşəkarlığının artırılması səviyyəsinə yüksələcək.

Bu sistemin əsas hədəf və vəzifələrindən biri işəgötürənlərlə
işsiz və işaxtaranları vahid platformada birləşdirməkdir. Bütün
işəgötürənlərin vakansiyalarının əks olunduğu sistem işsiz və
işaxtaranlar üçün cəlbedici olduğundan işsiz və işaxtaran kimi
qeydiyyatdan keçmək, orada hər bir işsiz/işaxtaranın özünə kabinet
yaratması daha geniş yayılacaq. Bu isə işəgötürənlərə öz
vakansiyaları üçün uyğun namizədi, işsiz/işaxtaran vətəndaşlara isə
uyğun işi daha qısa müddətə tapmağa imkan verəcək. Bu
işəgötürənlərlə işsiz/işaxtaranlar arasında çox faydalı və vacib
kəsişmə nöqtəsi olacaq. Bu kəsişmə nöqtəsi növbəti mərhələdə
avtomatik uzlaşdırma (matching) prinsipi ilə işləyəcək. Yəni,
sistemin özü vakansiyanın tələblərinə cavab verən namizədi
vətəndaşların məlumatlarını təhlil etməklə insan müdaxiləsi olmadan
müəyyən edib işəgötürənə təqdim edəcək.

İndiyə kimi əmək bazarında işçi və işədüzəltmə prosesləri
paralel gedirdi, kəsişmə nöqtələri ya təsadüfən, ya gec olurdu, ya
da heç baş vermirdi. Yəni, işəgötürən işçi axtarır, tələblərinə
uyğun gələn işçi isə başqa istiqamətlərdə iş axtarır, həmin
vakansiyanı və axtarışı görmürdü. Nəticədə, ya işəgötürən
digərlərinə nisbətən daha yaxşısı prinsipi ilə ona müraciət edən
namizədi seçir, ya da bir sıra hallarda uyğun namizəd tapmadığı
üçün vakansiya boş qalırdı. Bir sıra hallarda isə sahibkar
həqiqətən savadlı kadr axtarmasına baxmayaraq hansısa subyektiv
amillər səbəbindən həmin sahibkara həmin vakansiyalara layiqli
deyil, fərqli parametrlər üzrə seçilən namizədlər təqdim edilirdi.
Sistemin əsas funksiya və vəzifələrindən biri də bu sahədə
şəffaflaşmanı daha da artırmaqdır.

Sistem həm işəgötürən və işsiz/işaxtaranlar arasında avtomatik
uzlaşmanı həyata keçirəcəksə, həm bütün vakansiyalar və işsiz və
işaxtaranların reyestri vahid platformada əks olunacaqsa, o halda
özəl işədüzəltmə şirkətləri hansı funksiyaları həyata keçirəcəklər?
Bu sistem peşəkar işədüzəltmə şirkətləri üçün də faydalı olacaq.
Əvvəla, sistem nə qədər avtomatik uzlaşma həyata keçirsə də, bütün
vakansiyalar üzrə işçi tapılması ehtimalı bu gün 50% ətrafında
olacaq. Çünki, əmək bazarında hazırda işəgötürənlərin tələbləri ilə
işsiz/işaxtaranların imkanları 60% ətrafında uyğunluq təşkil
edirsə, yaxın gələcəkdə bu uzlaşmanın getdikcə azalacağı ehtimalı
yüksəkdir. Çünki, əmək bazarı dəyişir, texnologiyalar inkişaf edir,
işəgötürənlərin tələbləri artır. Bu məsələyə müəyyən dərəcədə son
çıxış və müsahibələrimdə toxunmuşam və bu mövzu səbəbləri də təhlil
olunmaqla daha geniş şəkildə davam etdiriləcək. Sistemin tapa
bilmədiyi işçiləri isə işədüzəltmə şirkətləri axtarıb tapa bilər.
Sözün həqiqi mənasında ölkədə “beyin ovu” (“headhunting”) dünyanın
inkişaf etmiş və etməkdə olan ölkələrində olduğu kimi daha peşəkar
müstəviyə çıxa bilər. Özəl işədüzəltmə şirkətləri həm də vahid
platforma üzərindən bütün mövcud vakansiyaları daha peşəkar,
operativ təhlil edərək öz fəaliyyət imkanlarını artıra, yəni daha
çox kadr axtarışı, işədüzəltmə həyata keçirə bilərlər.
Qeyri-peşəkar, bir çox hallarda dələduzluq edənlər isə bu rəqabətə
tab gətirə bilməzlər. Həm də nəzərə alaq ki, avtomatik uzlaşma
sistemdə işəgötürənlərin qeydiyyatları, əmək müqavilələri və ştat
vahidlərini yerləşdirməsi və əlavə olaraq, kifayət qədər
işsiz/işaxtaranların qeydiyyatdan keçmələrindən sonra tədricən
funksional olacaq. Bu müddətdə isə peşəkar işədüzəltmə şirkətləri
sistemə adaptasiya olaraq öz fəaliyyətlərini düzgün istiqamətlərdə
quracaqlar.

Öncəki çıxış və müsahibələrimdə də qeyd etdiyim kimi, Dövlət
Məşğulluq Agentliyinin əsas funksiyası işsizlikdən sığorta ödənişi
və işədüzəltmədir. Başqa sözlə, işəgötürənlə işsiz/işaxtaran
arasında körpü, vasitəçi rolu oynamaqdır. Bu vasitəçilik zamanı
işəgötürənin tələbinə uyğun gəlməyən işsiz vətəndaşın peşə
hazırlığını da həyata keçirir, əmək bazarında muzdlu iş tapmayan
müəyyən sayda (xüsusilə həssas qruplardan olan) işsizlər üçün əmək
bazarının tələbləri də nəzərə alınmaqla özünüməşğulluq proqramları
da. Yəni, Dövlət Məşğulluq Agentliyinin əsas funksiya və vəzifələri
işəgötürənlə işsiz/işaxtaran arasında onların bir-birlərini tapana
qədər olan mərhələni əhatə edir. Daha sadə dillə desək əmək
müqaviləsi imzalanana qədər olan münasibətlər, proseslər və
prosedurlardır. “Əmək münasibətləri dəyişir” dedikdə bu mərhələ
nəzərdə tutulur. Əmək münasibətlərinin növbəti mərhələsi isə əmək
müqaviləsi imzalandıqdan sonra başlayır ki, bu da əmək məcəlləsi,
digər qanunvericilik aktları, bağlanmış əmək müqaviləsinin şərtləri
ilə tənzimlənir. Buna isə Dövlət Məşğulluq Agentliyi deyil,
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və digər
orqanlar (məhkəmələr və sair) nəzarət edə, tənzimləyə və ya
müdaxilə edə bilər.

ƏMAS-ın tətbiqi ilə Dövlət Məşğulluq Agentliyi əmək bazarında
əmək müqaviləsi imzalanana qədər olan münasibətləri, proses və
prosedurları planlaşdırdığı mərhələlərlə, lakin fraqmental olaraq
deyil, konseptual olaraq dəyişməyi öz qarşısına əsas hədəflərindən
biri kimi qoymuşdur və bu dəyişikliklər tədricən həyata
keçiriləcək.

5 suala cavabdan sonra toxunacağım məsələ, sistemin əmək
bazarının növbəti illərdə daha dərin təhlilinə imkan yaradacağıdır.
Yəni, sistemdə qeydiyyatlar həyata keçirildikdən, vakansiyaların
yaranma və dolma proseslərindən, müraciətlərdən, saylardan,
proseslərdən sonra kifayət qədər çoxlu data, məlumat bazaları
formalaşacaq ki, bunlar da əmək bazarını statik (mövcud vəziyyəti)
təhlili ilə yanaşı həm də dinamik (baş verən dəyişikliklər)
təhlilini də aparmaq imkanı yaradacaq. Bu isə əmək bazarındakı
trendləri, tendensiyaları, riskləri, çağırışları daha obyektiv
şəkildə müəyyən etməyə və tədbirlər görməyə imkan verəcək.

Ən əsası isə sistemin kifayət qədər dərin və geniş olacağı
nəzərdə tutulub. Çoxlu məlumatların yığılması, qeydiyyatların
həyata keçirilməsi, müəyyən müddət sistemlə işləməyin istifadəçilər
tərəfindən mənimsənilməsi və nəhayət təhlillər üçün kifayət edəcək
məlumatlar bazalarının formalaşması müəyyən vaxt və səbr tələb etsə
də, ən azı növbəti ildən etibarən nəticələr böyük ehtimalla
addım-addım özünü göstərəcək.

Elman Sadıqov

Əmək bazarının təhlili və inkişafı departamentinin
müdiri

Teqlər: